Mini “bypass”- yeni damarlarla 2 həftə sonra işdəsiniz

“Bypass”- Aorta-koronar şuntlamaya verilən qısa addır. Bu zaman qan, pasientin öz damarlarından hazırlanan şuntlarla ürəyin tac damarındakı darlığı geridə qoyaraq sağlam yerə ötürülür. Koronar damarlar (tac arteriyaları) qarın aortasından sonra ateroskleroza ən çox məruz qalan damarlardır. Buna görə də, Aorta-koronar şuntlama dünyada sayca ən çox icra edilən 2-ci cərrahi əməliyyatdır. 

Standart açıq “bypass” əməliyyatları dünyada çox sayda və təcrübəli mərkəzlərdə icra olunsa da, xəstələr hələ də sinə sümüyünün kəsiləcəyindən, kəsiyin böyüklüyündən və gələcək həyatına bu travmanın necə təsir edəcəyindən qorxur.

Anjodan sonra..

Anjo- rentgen altında kontrast maddə ilə ürək damarlarının görüntüsünün alınması üsuludur. Damar darlığı və ya tutulmasını ən dəqiq göstərən müayinə metodudur. Əvvəllər Anjo-dan sonra 3 qərar verilirdi: Dərman müalicəsi, Stent və Açıq əməliyyat. Artıq 4-cüsü də var: Qapalı əməliyyat. Bu yeni alternativ üsul ölkəmizdə də var. Nə zaman qapalı, yəni mini “bypass” uyğun olduğunu oxumağa davam edərək öyrənə bilərsiz.

Açıq əməliyyat → Qorxu → Stent → Əks göstəriş → Qapalı əməliyyat

Açıq ürək əməliyyatı sözünü eşidən pasientlər adətən həyəcan və qorxuya düşürlər. Bəzən bu qorxu və daha rahata qaçmaq istəyi xəstəni Stentə yönəldir. Amma göstəriş olmadan Stent qoyulması bir müddət sonra şikayətlərin geri dönməsinə və təkrari müdaxiləyə zəmin yaradır. Artıq, stentlənmə mümkün olmayan və ya uzun dönəm nəticəsi kardioloqda şübhə yaradan hallarda pasientlərə açıq cərrahiyyə ilə yanaşı bu yeni yöntəmi təklif edə bilirik. Dünyada yayılmağa başlayan bu üsul artıq xəstələrin rəğbətini qazanmağa başlamışdır. 

Mini “bypass” özündə Stentləmənin az travmatikliyi ilə Açıq cərrahiyyənin uzun dönəm nəticələrini birləşdirir.    

Bu əməliyyatlar qabırğaarası kəsiklə, yəni yalnız əzələ kəsilməsilə icra edilir. Sinə sümüyü qorunur. Bu, xəstələri uzun müddət arxası üstə yatmaq məcburiyyətindən azad edir. Ağrı azaldığından xəstələr rahat nəfəs alır və ağciyər tərəfindən ağırlaşma riski azalır. Ağrıkəsici qəbulu xeyli az müşahidə edilir. Yataqdan qalxmaq, uzanıq vəziyyətə keçmək və hərəkət etmək üçün pasient əlavə köməyə ehtiyac duymur.

Əməliyyatı təxirə salmağa bəhanə qalmır

Ürək damarlarınız daralmış və ya tutulmuşsa və cərrahi əməliyyat məsləhət görülübsə gecikdirmək tövsiyyə olunmur. Minimal invaziv üsulla cəmi 6-8 sm-lik kəsiklə əməliyyat aparılır. Bu yöntemle edilən əməliyyatdan sonra xəstələr 4-5-ci günde evə yazılır ve 1-2 həftə ərzində günlük həyatına dönür. Beləliklə, iş və ya şəxsi planlar səbəbi ile əməliyyatı təxirə salma məcburiyyəti ortadan qalxmış olur.

Minimal invaziv yöntemin xəstəyə verəcəyi əsas üstünlüyü- açıq cərrahiyyənin uzun dönəm faydalarından tam şəkildə bəhrələnməsini təmin etməklə yanaşı, əməliyyatın bütün yükünden azad etməsidir.

2 həftə sonra işdə

Mini kəsiklə edilən əməliyyatların açıq əməliyyatlardan psixoloji üstünlüyü də vardır. Açıq yöntəmlə “Bypass” olan pasientlərdə 1-2 ay ərzində işə çıxmaq mümkün olsa da bu müddət hər zaman uzanır. Çünki xəstə özünü çox ağır bir əməliyyatdan çıxmış kimi hiss edir və əvvəl öyrəşdiyi həyata hazır bilmir. Bəzən 10 il əvvəl əməliyyat olmuş xəstə sağlam olsa belə, bir çox şeydən özünü məhrum etmiş olur. Buna görə də, biz xəstələrə minimal invaziv üsulu tətbiq edirik. Çünki 2 həftə içərisində işinə qayıda bilir, eyni zamanda ciddi bir sağlıq problemindən minimal travma və minimal müddətdə azad olmuş olur.

Mini “bypass” əməliyyatının (qapalı “bypass”) ən böyük üstünlüyü xəstəyə ən komfortlu və sürətli yaxşılaşma periodu verməsidir.

Mini “bypass” hansı xəstələrə oluna bilər?

Mini “bypass” əməliyyatı günümüzdə bütün koronar damar xəstəliklərinin cərrahi müalicəsində istifadə edilməkdədir. Xəstənin döş qəfəsi anatomiyası uyğun olduğu halda və daha əvvəl ağciyər əməliyyatı keçirməyibsə hər yaş və cinsiyyətdə güvənli şəkildə tətbiq oluna bilir.

Risklər haqqında

Mini “bypass”- açıq əməliyyatla olunan eyni əməliyyatın daha az travmatik üsulla və daha erkən reabilitasiya müddətilə icrasıdır. Buna görə də, eyni cərrahi riskləri daşıyır. Əksinə, kiçik kəsiklə edilən müdaxilələrdən öncə icra edilən kompüter tomoqrafik müayinə xəstənin iri və orta çaplı damarlarında aterosklerotik biləşkə və kalsifikasiyaları görməyə imkan verdiyindən minimal invaziv əməliyyatlar açıq cərrahiyyədən daha aşağı beyin qan dövranı pozğunluğu (insult) riski daşıyır. Təbii ki, kiçik kəsiklə icra edildiyindən infeksiyon ağırlaşmalar da əhəmiyyətli dərəcədə az rast gəlinir.

Ayaqda mini kəsik izi

Aorta-koronar şuntlama zamanı daxili döş arteriyasından (LİMA) sonra ən geniş istifadə olunan damar şuntu böyük dərialtı venadır (VSM). Lakin bu damarın çıxarılması bəzən ciddi fəsadlara gətirə bilir. Bura yara infeksiyası (xüsusilə Şəkərli Diabet xəstələrində), ağrı sindromu, gec sağalma və qeyri-qənaətbəxş estetik nəticə daxildir. Minimal invazivliyi qorumaq, kəsikləri minimuma endirmək və xəstədə uzun və kobud çapıqdan qaçmaq üçün biz mərkəzimizdə qapalı üsulla (endoskopik) damar çıxarılmasından istifadə edirik. Bu zaman 40-50 sm-lik kəsik yerinə 2-3 sm-lik kəsikdən istifadə edilir