Barlov xəstəliyi haqqında 6 əsas fakt

Barlov xesteliyi haqqinda 6 esas fakt

Sizə və ya yaxınlarınızdan birinə Barlov xəstəliyi diaqnozu qoyula bilər. Bu xəstəlik haqqında ən çox verilən suallar bunlardır:

  • "Barlov xəstəliyi nədir?"
  • "Barlov sindromunun yaranma səbəbi nədir?"
  • "Bu xəstəlik necə müalicə olunur?"
  • "Nə üçün buna Barlov xəstəliyi deyilir?" 

Amma daha çox məlumat əldə etmək üçün hazırkı məqalədə sizə Barlov xəstəliyi haqqında 6 mühüm fakt təqdim edeceyik.

Fakt #1: Barlov qalın və paraşüt şəkilli mitral qapaqdır.

Barlov mitral qapaq xəstəliyi qalınlaşmış və "normadan artıq" toxuma ilə xarakterizə edilir. Bu da qapağın şişmiş görüntüsünə səbəb olur (yuxarıdakı şəkildə göstərildiyi kimi). Barlov, mitral qapaq çatışmazlığı kimi bilinən və ürəyin sol qulaqcığına qanın geri qayıtmasına səbəb ola bilən degenerativ mitral qapaq xəstəliyidir.

Ürəyiniz düzgün işlədikdə mitral qapaq ürək yığılarkən bağlanır və qanın geri qayıtmasının qarşısını alır. Lakin Barlov xəstəliyi olan insanlarda ürək yığılması zamanı mitral qapaq taylarından biri və ya hər ikisində sol qulaqcığa doğru qabaran əlavə toxuma vardır. Qapaq taylarının şişməsi və qalınlaşması onların qeyri-düzgün bağlanmasına səbəb olur. Nəticədə onlar hər ürək yığılması zamanı paraşüt kimi sol qulaqcığa doğru qabarır.  

Mayo klinikasının məlumatlarına görə, mitral qapaq prolapsı və Barlov mitral qapaq xəstəliyi istənilən insanda hər yaşda inkişaf edə və genetik (irsi) ola bilər.

Fakt #2: Barlov-da çox vaxt simptom olmur.

Amerika Ürək Assosiasiyasının məlumatlarına görə, Barlov xəstəliyinin əsas səbəbi elastik (asan uzana bilən) mitral qapaq toxumasıdır. Bəzən səbəb birləşdirici toxuma xəstəliyi ola bilir (Marfan sindromu). Barlov xəstəliyi olan insanların bir hissəsi mitral qapaq prolapsı yaranma riski ilə doğulur. “Mitral qapaq prolapsı” adlı məqaləmizə baxa bilərsiniz.

Beləliklə, bu xəstəliyin hansı simptomlar vardır?

Barlov xəstəlikli insanların əksəriyyətində heç bir simptom müşahidə edilmir. Simptomlar olarsa həfif olur və tədricən inkişaf edir. Lakin bəzən aşağıdakı daha ciddi əlamətlər ola bilər:

  • Qeyri-müntəzəm ürəkdöyüntüsü (aritmiya)
  • Başgicəllənmə
  • Nəfəs almaqda çətinlik və ya nəfəs darlığı
  • Tez yorulma
  • Döş qəfəsində ağrı

Bu xəstəliyin yuxarıda sadalanan ciddi simptomları ən çox 50 yaşdan yuxarı insanlarda müşahidə edilir.

Fakt #3: Barlov xəstəliyi bəzən təhlükəli, amma çox zaman sakit xəstəlikdir.

Çox vaxt həyat üçün təhlükəli hesab olunmur və müalicə və ya həyat tərzində dəyişiklik tələb etmir. Lakin Barlov, mitral qapağın ciddi çatışmazlığına (requrqitasiya) səbəb olarsa, o zaman müalicə tələb oluna bilər.

Amerika Ürək Assosiasiyasının məlumatına görə, ürəyində anormal mitral qapağı olan insanlarda simptomlar getdikcə ağırlaşırsa, ürəyin funksiyaları daha da pisləşirsə və ya sol mədəcik ölçüləri böyüyürsə mitral qapağın təmirinə və ya dəyişdirilməsinə ehtiyac ola bilər.

Unutmayın ki, bu xəstəlik zamanı nadir hallarda ürək qapağı əməliyyatına ehtiyac yaranır. Lakin bəzi hallarda Barlov xəstəliyi həyat üçün təhlükə yarada biləcək aritmiyalara (atrial fibrilasiya) səbəb ola bilər. Əgər bu xəstəlik qapaq çatışmazlığına səbəb olursa, nəticədə insult (beyin qan dövranı pozğunluğu) kimi ciddi fəsadlarla da gətirib çıxara bilər. Mayo klinikasının məlumatlarına görə, bu durumlarda endokardit kimi tanınan ürək qapağı infeksiyası riski də artmış olur .

Fakt #4: Barlov qapaqlar həm təmir, həm də dəyişilməyə uyğundur.

Mitral qapağın təmiri zamanı ürəkdən qanın düzgün axmasını təmin etmək üçün mitral qapağa yeni forma verilir. Mitral qapağın təmiri mitral qapağın dəyişdirilməsi (protezləşdirilməsi) ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu üstünlüklərə təkrar əməliyyat riskinin az olması, təmir olunmuş qapağın daha dözümlü olması, antikoaqulyantlardan (qandurulducu, məsələn Varfarin) istifadə edilməməsi daxildir.

Mitral qapaq təmiri Barlov-un müalicəsi üçün "qızıl standart" hesab edilir. Təmir əməliyyatları 98% uğurla icra edilə bilər. Mitral qapaq təmir olunduqdan sonra xəstələrin 95% -i 10 il ərzində təkrar əməliyyatdan azad olur. Bu göstərici 20 ilədək özünü saxlayır.

Lakin bəzi hallarda xəstənin mitral qapağını təmir etmək mümkün olmur. Belə hallarda mitral qapağın dəyişdirilməsi (protezləşdirilməsi) həyata keçirilir. Mitral qapağın dəyişdirilməsi zamanı cərrah xəstənin mitral qapağını kəsib xaric edir və onu mexaniki və ya bioloji (toxuma) qapaqla əvəz edir. 

Fakt #5: Barlov xəstəliyinin yeni yöntəmlə təmiri daha cəlbedicidir.

İllər öncə cərrahlar Barlov xəstəliyinin cərrahi yolla təmirini təkmilləşdirmək üzərində işləməyə başladılar. Və nəticədə sağ qabırğa arasıdan mini kəsiklə girərək bu qapağın təmirini həyata keçirmə üsulunu dünyaya verdilər. Son illər biz klinikamızda rutin olaraq mitral qapağın minimal invaziv təmirini həyata keçiririk. Bu əməliyyatlara canlı olaraq qalereya-video bölməsində baxa bilərsiniz. Eyni zamanda saytımızda “Minimal invaziv ürək cərrahiyyəsi”“Mitral qapağın minimal invaziv yolla təmiri” adlı məqalələrini oxuya bilərsiz.

Fakt #6: Bunu Barlow adlı həkim kəşf edib!

Barlov mitral qapaq xəstəliyi onu "kəşf edən" alimin adı ilə adlandırılmışdır. John Barlow (1924–2008) əslən Cənubi Afrikadan olan dünya şöhrətli kardioloq idi. 1950-ci illərin sonlarında Yohannesburq xəstəxanasının tədqiqat bölməsində kardiologiya üzrə professor olmuş və ürək xəstəlikləri, həmçinin mitral qapaq prolapsı üzrə mühüm tədqiqatlar həyata keçirmişdir.

İlk vaxtlarda Barlow-un kəşfi mübahisə doğurmuş və elmi səviyyədə qəbul olunmamışdır. Kral Həkimlər Kolleci qeyd edir ki, Barlow-un məqaləsi ilk dəfə təqdim edildikdə jurnalda dərc üçün qəbul edilməmişdir. Nəhayət ki, Barlow-un məqaləsi 1963-cü ildə American Heart Journal-ın oktyabr buraxılışında dərc olunmuşdur.

Ümid edirəm ki, Barlov mitral qapaq xəstəliyi haqqında təqdim edilən məlumatlar sizə faydalı oldu.