Ürək qapaqlarının anatomiyası

Urek qapaqlarinin anatomiyasi

Ürəyin dörd kamerası var. Yuxarı iki kamera sağ və sol qulaqcıq adlanır. Aşağı iki kamera isə sağ və sol mədəcik adlanır. Qan dörd ürək qapağının köməyi ilə kameralar arasında dövr edir. Qanın yalnız bir istiqamətdə axması üçün qapaqlar açılır və bağlanır.

Ürək qapaqlarınız aşağıdakı şəkildə göstərilmişdir. Qapaqların adları bunlardır: ağciyər qapağı, aorta qapağı, trikuspid qapaq və mitral qapaq.

Ürək qapaqlarınız hansı funksiyanı icra edir?

Yenidən qeyd etmək lazımdır ki, ürək qapaqlarınız qanın ürəyinizdə bir istiqamətdə axmasını təmin edir. Ürək qapaqlarınız qanın axmasına imkan vermək üçün açılır və sonra qanın geri axmasının qarşısını almaq üçün bağlanır.

Ürək qapaqları düzgün işləyərkən tam olaraq açılır və bağlanır. Beləliklə, qan daima bir istiqamətdə hərəkət edir.

Ürəyin dörd qapağının hər biri öz fəaliyyətinə görə qruplaşdırıla bilər:

  • Atrioventrikulyar qapaqlar ürəyinizin yuxarı və aşağı kameraları arasında qan axınını idarə edir. Sağ qulaqcıqla sağ mədəcik arasında olan qapaq trikuspid qapaq adlanır. Sol qulaqcıq və sol mədəcik arasında olan qapaq isə mitral qapaq adlanır.
  • Semilunar (aypara) qapaqlar ürəyinizdən çıxan qan axınını idarə edir. Qan sağ mədəcikdən ağciyər qapağı vasitəsilə ağciyərlərə, sol mədəcikdən aorta qapağı vasitəsilə isə orqanizmə ötürülür.

Ürək qapaq qüsurları və xəstəlikləri

Həyatdakı bütün fiziki şeylər- kompüteriniz, avtomobilinizdə olduğu kimi ürək qapaqlarınızda da problemlər yarana bilər. Bəzən insan anadangəlmə ürək qüsuru kimi bilinən anormal ürək qapağı ilə doğula bilir. Ürək qapağının anadangəlmə qüsurunun ən geniş yayılmış forması bikuspid (ikitaylı) aorta qapağıdır. Digər insanlar infeksiya, revmatik qızdırma, kalsifikasiya və yaşa bağlı dəyişikliklər səbəbindən qapaqların zədələnməsi problemi ilə qarşılaşa bilər.

Qapağın zədələnməsi ilə bağlı problemlərin əksəriyyəti qapağın açılması və bağlanması ilə əlaqədardır. Əgər qapaq yolu tam aça bilməzsə, qanın az bir hissəsi növbəti kameraya keçəcəkdir- bu zaman qapaq darlığı əlamətləri üzə çıxır. Əgər qapaq möhkəm bağlanmazsa, qan geriyə doğru sıza bilər- bu zaman isə qapaq çatışmazlığı simptomları yaranır.

Bu qüsurlar yarandığı zaman ürək eyni miqdarda qanı pompalamaq üçün daha çox işləməlidir. Alternativ olaraq, qan ürək daxilində lazım olduğu kimi hərəkət etmədiyindən qan ağciyərlərə və ya bədənə geri qayıdır. Kiçik qan dövranında (ağciyərlərdə) və böyük qan dövranında (bədənin digər hissələrində) maye toplanması və durğunluq baş verir.

  • Açılma problemləri- Daralma (stenoz). Qapağın daralması qapaq tam olaraq açılmadıqda üzə çıxır. Qapaq kalsium çöküntüləri və ya çapıqlarla bərkimiş və ya sərtləşmiş ola bilər. Nəticədə onun açılması çətinləşir. Bu zaman qan daha kiçik dəlikdən axmalı olur. Buna görə də qapaqdan növbəti kameraya daha az qan daxil olur. Eyni zamanda, ürək əzələsi qanı kiçilmiş dəlikdən keçirməyə çalışarkən daha çox işləyir və ürəyin oksigenə tələbatı artır. Aortal stenoz stenozun ən geniş yayılmış formasıdır. Daha geniş məlumat üçün Mitral stenoz adlı məqaləmizə baxa bilərsiniz.
  • Qapanma problemləri- Çatışmazlıq (requrqitasiya). Qapağın möhkəm bağlanmaması bir neçə səbəbdən ola bilər. Qapağın dəstəkləyici tərkib hissələri (qapaq xordaları) qopmuş və ya boşalmış, eləcə də qapaq özü genişlənmiş və gərilmiş ola bilər. Bu zaman qan həmin qapaqdan geri qayıdır. Nəticədə, ürək daha çox qan həcmini pompalamaq üçün daha çox işləyir. Mitral çatışmazlıq ən geniş yayılmış çatışmazlıq formasıdır. Daha geniş məlumat üçün “Mitral çatışmazlıq”, “Mitral qapaq prolapsı”“Barlov xəstəliyi” adlı məqalələrimizə baxa bilərsiniz.