Mitral stenoz nədir, əlamətləri və müalicəsi

Mitral stenoz nedir, elametleri ve mualicesi

Mitral qapaq insan ürəyindəki dörd qapaqdan biridir. Hər bir ürək qapağı həm qanın kameralar arasında rahat axmasına, həm də qanın geri axmasının qarşısını almağa xidmət edir. Əgər qapaq daralarsa, yəni stenoz halı baş verərsə, qanın axını maneə ilə üzləşir və orqanizm lazım olan oksigenli qanı əldə edə bilmir.

Mitral stenozun simptomları

Mitral stenozun simptomları bunlardır:

  1. Yorğunluq
  2. Hərəkət zamanı nəfəs darlığı
  3. Uzanarkən nəfəs almaqda çətinliyin yaranması
  4. Ürəkdöyünmə
  5. Topuq və ya ayaqların həddindən artıq şişməsi
  6. Tez-tez rast gəlinən yuxarı tənəffüs yolları infeksiyası
  7. Davamlı öskürək
  8. Sinədə (döş qəfəsi) ağrı və ya narahatlıq (diskomfort) hissi

Adətən xəstədə uzun illər yalnız həfif simptomlar olur. Hamiləlik və ya tənəffüs yolu infeksiyası kimi fiziki stress halları mitral stenozun simptomlarını üzə çıxara bilər.

Mitral stenozun ağır dərəcəli olmasına baxmayaraq, xəstə tamamilə simptomsuz ola bilər.  Buna görə də bu xəstəlik ürək cərrahları tərəfindən çox vaxt “səssiz qatil” adlandırılır.  Xəstənin heç bir simptomu olmasa belə, onun ürəyi, ürək çatışmazlığı və ölümlə nəticələnə biləcək qədər genişlənə bilər.

Mitral stenoz diaqnozunun qoyulması

Bəzən mitral stenoz, xəstə başqa bir xəstəlik üçün həkimə müraciət etdikdə aşkar edilir. Həkim stetoskop vasitəsilə anormal ürək səsi eşidə bilir. Bu da həkimi əlavə yoxlanışlar aparmağa yönəldir.

Adətən simptomlar 40-50 yaşlarında inkişaf edir. Lakin bu vəziyyət körpələr və uşaqlarda da müşahidə edilə bilər. Gənc xəstələrdə heç bir simptom olmaya bilər və ya ağır iş zamanı yorğunluq və nəfəs darlığı müşahidə edilə bilər.

Bəzi mitral stenoz simptomlarını xəstə hiss edə bilmir. Ürəkdə küyü, ağciyər hipertenziyasını (ağciyər arteriyasında təzyiqin artmasını), ağciyərlərdə durğunluğu, aritmiyanı (nizamsız ürək döyüntüləri) və ya ürək daxilində trombları yalnız müayinə edən həkim aşkar edə bilər.

Mitral stenoz da daxil olmaqla ürək qapaq xəstəliklərini aşkar etmək üçün əsas müayinə üsulu Exokardioqrafiyadır (EXO). 

Mitral stenozun səbəbləri

Mitral stenozun əsas səbəbi revmatik qızdırmadır (Revmatizm). Adətən revmatik qızdırma boğazda Streptokokk infeksiyasından sonra inkişaf edir. Revmatik qızdırma sonrası mitral qapaq və bəzən ürəyin digər hissələrinin zədələnməsi baş verir. Nadir hallarda mitral stenoz anadangəlmə ola bilir.

Mitral stenoz şişlər və ya qapağı tıxayan laxta kütlələri səbəbindən də yarana bilər. Yaşlı xəstələrdə mitral qapaq ətrafında və ya üzərində kalsium çöküntüləri əmələ gələrək stenoz yarada bilər. Radiasiya terapiyası və bəzi dərmanlar da stenozun səbəbi ola bilər.

Mitral stenozun riskləri

Bu risklərə aşağıdakılar daxildir:

  1. Ürək çatışmazlığı
  2. Ağciyər ödemi- qanın maye hissəsinin ağciyərlərə toplanması
  3. Qarın nahiyəsi və topuqlarda maye toplanması
  4. Ürəyin sol qulaqcığının genişlənməsi (dar qapaqdan yüksək təzyiqlə qanı itələməyə çalışdığı üçün)
  5. Atrial fibrilasiya (qulaqcıq səyriməsi)- ürək daxilində laxta kütləsinin meydana gəlməsinə səbəb ola bilən aritmiya növüdür. Bu laxta kütlələri qopub bədənin digər hissəsinə, xüsusilə də beyinə doğru hərəkət edərsə, ciddi problemlər yaradır.

Mitral stenozun müalicəsi

Hal-hazırda mitral stenozu sağaldacaq dərman mövcud deyil. Lakin həkim simptomları yüngülləşdirən, ürəyin işini azaldan və ürək ritmini tənzimləyən dərmanlar təyin edə bilər.

Maye toplanmasını azaltmaq üçün diuretiklər (sidikqovucu vasitələr) təyin edilə bilər. Qan laxtalanmasını azaltmaq üçün antikoaqulyantlar (qansulandırıcı vasitələr) istifadə edilə bilər. Xəstənin qan dövranına daxil olaraq ürəkdə (xəstəlikli qapaqda) otura bilən bakteriyalarla infeksiyalaşma riskini azaltmaq üçün diş həkiminə getməzdən əvvəl profilaktik tədbirlər kimi antibiotiklər qəbul edilə bilər.

Stenotik qapağı bərpa etmək üçün bir çox metod mövcuddur. Mitral qapağın təmiri və ya protezləşdirilməsi (dəyişdirilməsi) qərarı xəstənin ümumi sağlamlıq vəziyyətindən və zədələnmənin ağırlılıq dərəcəsindən asılıdır.

Balon valvuloplastikası kateter vasitəsilə balonun ürəyə daxil edilməsindən ibarət olan qeyri-cərrahi prosedurdur. Yerləşdirdikdən sonra mitral qapağın ağzını açmaq üçün balon şişirdilir. Bu prosedurdan ürəyində laxta kütləsi olan xəstələrdə istifadə edilmir. Çünki prosedur zamanı həmin kütlə yerindən qopub qan dövranına düşərək digər orqanlara miqrasiya edə bilər.

Mitral qapaq bəzən təmir oluna bilsə də, bu xəstəlikdə çox zaman qapaq dəyişdirilməsinə (protezləşdirmə) ehtiyac olur. Dəyişdiriləcək qapaq mexaniki qapaq olarsa, qapaqda laxtaların əmələ gəlməsinin qarşısını almaq üçün xəstədən ömürlük antikoaqulyantlar (qandurulducu, qansulandırıcı) qəbul etməsi tələb olunur. Bu süni qapaqların müsbət tərəfi dözümlülüyü və uzunmüddətliliyidir.  Xəstələrin bəzilərinə bioloji (toxuma) qapaq implantə edilir. Bunlar ən çox donuz və iri buynuzlu heyvandan əldə edilir. Bioloji qapaqlı xəstələr antikoaqulyantlar qəbul etmək məcburiyyətində olmur. Bu süni qapaqların mənfi tərəfi orta dönəmdə korlana bilməsi və təkrarı qapaq müdaxiləsinə ehtiyacın yarana bilməsidir.