Ürəyin Revmatik Xəstəliyi

Ureyin Revmatik Xesteliyi

Ürəyin Revmatik Xəstəliyinin diaqnozu, müalicəsi və proqnozu

Ürəyin revmatik xəstəliyi (ÜRX) inkişaf etməkdə olan ölkələrdə ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. İnkişaf etmiş ölkələrdə isə ürəyin revmatik xəstəliyi halları son 20-30 il ərzində xeyli azalmışdır.

DÜNYADA YAYILMASI.

İnkişaf etməkdə olan ölkələrdə ÜRX cavan xəstələr arasında qazanılmış ürək xəstəliyinin mühüm səbəblərindən biridir. Endemik ölkələrdə yaşayan xəstələr arasında ürək çatışmazlığının təxminən 25%-i məhz ÜRX səbəbindən baş verir. Araşdırmalar göstərir ki, dünya əhalisinin təxminən 70 milyonu ÜRX-dən əziyyət çəkir və bunlardan 1.4 milyonu hər il ölümlə üzləşir.

XƏSTƏLİYİN TƏBİİ GEDİŞATI.

ÜRX-nə aşağıdakı patologiyalar daxildir:

  1. Kəskin Revmatik Qızdırma zamanı müşahidə edilən perikardit, miokardit və valvulit (ürək qapaqlarının iltihabı, valve- qapaq deməkdir).
  2. Bir və daha çox kəskin revmatik qızdırma epizodlarından bir neçə il sonra inkişaf edən xronik qapaq patologiyaları.

Kəskin Revmatik Qızdırma.

Kəskin revmatik qızdırma əsasən pankarditə səbəb olur və ürəyin perikardı, miokardı və endokardının iltihabı ilə nəticələnir. Valvulit və ya ürək qapaqlarının iltihabı da əksər hallarda müşahidə edilir. Valvulitin diaqnostikası çox zaman auskultasiya (ürəyi stetoskopla dinləməklə) ilə aparılır. Lakin, qeyd edilməlidir ki, bir sıra hallarda qapaqlarda requrqitasiya küyü (çatızmazlıq- qanın qapaqdan geri qayıtması küyü) eşidilməyə bilər.

EXO-da isə aşağıdakı dəyişikliklər müəyyən edilir:

  1. Qapaq taylarının qalınlaşması
  2. Qapaqda vegetasiyalar (infeksiyon ocaqlar)
  3. Mitral qapaq prolapsı
  4. Mitral və/və ya aortal qapaqda requrqitasiya.

Lakin, nəzərə almaq lazımdır ki, EXO müayinəsi zamanı mitral və ya aortal qapaqda requrqitasiyanın müəyyən edilməsi revmatik valvulit diaqnozunu təsdiq etmir. Belə ki, normal insanlarda qapaqlarda fizioloji requrqitasiya (mülayim requrqitasiya) müşahidə edilə bilər. Eyni zamanda qapaqlarda requrqitasiya, hərarətlə müşayiət olunan digər xəstəliklərdə (məs., viruslu miokardit) də müəyyən edilə bilər.

Şəkil 1. Mitral qapaq normada və prolaps zamanı

ÜRX-dən əziyyət çəkən xəstələrdə ən geniş yayılmış qapaq patologiyası məhz mitral qapaq çatışmazlığıdır (requrqitasiya). Mitral qapaq requrqitasiyası ilə yanaşı aortal qapaq requrqitasiyası da müşahidə edilə bilər. Lakin, təcrid olunmuş halda aortal requrqitasiya çox nadir hallarda müşahidə edilir. Mitral requrqitasiya (MR) əksər hallarda mitral qapaq prolapsı səbəbindən baş verir. (Şəkil 1)

Kəskin revmatik qızdırma (KRQ) zamanı mitral qapaq prolapsı əsasən qapağın ön tayının (ön lifletin) zədələnməsi ilə əlaqədar olur. Ürəyin miksomatoz xəstəliyində isə adətən qapağın arxa tayı prosesə cəlb olunmuş olur.

ÜRX-də mitral qapağın prolapsına səbəb qapaq həlqəsinin (annulus) genişlənməsi və xordaların uzanması olur. ÜRX-də aortal və ya mitral stenoz müəyyən edilirsə bu, xəstəliyin uzun müddət davam etdiyinə və zədələnmiş qapaq toxumasının çapıqlaşması və kalsifikasiyasına işarə edir.

ÜRX-dən əziyyət çəkən və ağır qapaq xəstəliyi olan pasientlərdə sol mədəciyin dilatasiyası (genişlənməsi) və ürək çatışmazlığı da müşahidə edilə bilər. ÜRX-dən əziyyət çəkən xəstələrdə EKQ-də ürəyin müxtəlif dərəcəli blokadası, o cümlədən atrioventrikulyar dissosiasiya müəyyən edilə bilər. Döş qəfəsinin rentgen filmində kardiomeqaliya (ürək ölçülərinin artması) müəyyən oluna bilər. ÜRX-si olan xəstələrdə aparılan EXO ilə qapaq patologiyasını, perikard ətrafı effuziya (maye yığıntısı), mədəcik və qulaqcıqların genişlənməsi və mədəcik funksiyasını dəqiq qiymətləndirmək mümkündür.

Ürəyin kəskin revmatik xəstəliyindən xronik fazaya keçid.

Adətən ürəyin qapaq xəstəliyinin proqressiv inkişafı KRQ-nin bir və daha çox epizodlarından bir neçə il sonra müşahidə edilir. Araşdırmalardan məlum olmuşdur ki, KRQ keçirmiş uşaqların təxminən 50-65%-də qızdırma keçib getdikdən bir müddət sonra ürəyin qapaq xəstəliyi müəyyən edilir. ABŞ-da aparılmış tədqiqatdan məlum olmuşdur ki, kəskin revmatik qızdırmanın ilk epizodundan sonra 20 il ərzində izlənən xəstələrin 35%-də qapaq xəstəliyi müəyyən edilməmiş, 17%-də revmatik qapaq xəstəliyi spontan (öz-özünə) olaraq yoxa çıxmışdır. Lakin, 20 il sonra həmin xəstələrin 44%-də ürəyin qapaq xəstəliyinin simptomları özünü biruzə verməyə başlamışdır.

Şəkil 2. Mitral stenozun normal mitral qapaqla müqayisəsi

Ürək qapaqlarının xronik xəstəliyi.

ÜRX-yə əksər hallarda mitral qapaq cəlb olunmuş olur, aortal klapan yalnız 20-30% hallarda zədələnmiş olur. Trikuspidal klapan da təsirə məruz qalsa da, çox vaxt bu subklinik (yəni simptomsuz, əlamətsiz) olur. Mitral qapaq patologiyası xəstənin yaşından asılı olaraq müxtəlif olur. Daha gənc yaşlı xəstələrdə (<30 yaşdan aşağı) mitral klapanda yalnız requrqitasiya müəyyən edilirsə, orta yaşlı xəstələrdə (>30 yaşdan yuxarı) mitral stenoz və daha yaşlı xəstələrdə mitral qapağın qarışıq patologiyası (həm requrqitasiya, həm mitral stenoz- müştərək mitral xəstəlik) üstünlük təşkil edir.

Mitral stenoz. (Şəkil 2)

Araşdırmalar göstərir ki, asimptomatik (xəstəlik əlamətləri olmayan) və ya minimal simptomlarla müşahidə edilən mitral stenozu olan və 10 yaşa çatmış xəstələrdə ümumi proqnoz xeyli yaxşı olur. Lakin, simptomatik olan xəstələrdə cərrahi müdaxiləsiz kliniki vəziyyət tədricən pisləşir və sağ qalma şansı xeyli aşağı düşür. Ağciyər hipertenziyası (ağciyər arteriyasında təzyiqin artması) inkişaf etmiş xəstələrdə isə sağ qalma şansı daha da aşağı olur.

Qeyd edilməlidir ki, ürək qapaqlarının bütün qazanılmış xəstəlikləri sırasında məhz mitral qapaq stenozu daha çox hallarda sistem tromboemboliyasına səbəb olur. Mitral stenozla yanaşı qulaqcıqların fibrilyasiyası (səyriməsi- aritmiyası) olan xəstələrdə tromboemboliya riski daha da artmış olur.

Mitral requrqitasiya.

Xroniki mitral requrqitasiyaya görə ürək yükünün artması uzun illər hiss olunmaya bilər. Belə ki, mitral requrqitasiya ilə əlaqədar sol mədəciyin boşalmasına müqavimətin (“afterload”) azalması (sistola, yəni ürək yığılması zamanı qanın bir hissəsi sol qulaqcığa geri qayıtdığından) sol mədəciyin disfunksiyasının diaqnostikasını gecikdirmiş olur.

Mitral stenoz və requrqitasiya.

Mitral qapağın revmatik xəstəliyi olan pasiyentlərin çoxunda müştərək- mitral stenoz və requrqitasiya komponentləri eyni anda müşahidə edilir. Buna səbəb isə patoloji proses nəticəsində mitral qapaq tayları arasında olan komissurların (tayların bir-biri ilə qonşu olan hissəsi) birləşməsi və "balıq ağzı" (“fishmouth deformity”) deyilən formada deformasiyasıdır. (Şəkil 3) Qapaq deformə və hərəkəti pozulmuş olduğundan həm darlıq olur, həm də çatışmazlıq.

Şəkil 3. Mitral stenoz zamanı “Balıq ağzı” deformasiyası

Aortal requrqitasiya.

Xroniki ciddi aortal requrqitasiyası olan xəstələrdə adətən uzun müddət davam edən kompensator (tənzimlənmiş) mərhələ müşahidə edilir. Belə ki, bu mərhələ diastola sonunda sol mədəciyin həcminin artması və sol mədəciyin eksentrik və konsentrik hipertrofiyası (divarının qalınlaşması) ilə xarakterizə olunur. Lakin, sol mədəciyin disfunksiyasına (funksiya pozulmasına) baxmayaraq asimptomatik olan xəstələrin 25%-də hər il simptomlar (stenokardiya, ürək çatışmazlığı) inkişaf edir. Həmçinin, ciddi aortal requrqitasiyası olan simptomatik xəstələrdə illik mortalitə (ölüm) 10%-dan artıq olur.

Aortal stenoz.

Aortal qapağın stenozu adətən uzun illər ərzində inkişaf edir və klinik gedişatı müxtəlif olur. Aortal stenozla bağlı xəstədə simptomlar müşahidə edildikdə isə mortalite xeyli artmış olur. Stenokardiya, sinkop (bayılma) və ya ürək çatışmazlığı inkişaf etdikdə cərrahi əməliyyatsız (aortal qapağın cərrahi yolla dəyişdirilməsi) xəstələr yalnız 2-3 il sağ qala bilir.

Trikuspidal qapağın xəstəliyi.

Trikuspidal qapağın funksional çatışmazlığı əsasən sağ tərəfli ürək çatışmazlığı ilə əlaqədar olur. Buna səbəb isə sağ mədəciyin genişlənməsi və qapaq həlqəsinin (qapaq taylarının tutunduğu bölgə) dartılmasıdır. Trikuspidal qapağın orqanik çatışmazlığı qapaq taylarının qısalması və qalınlaşması və bu səbəbdən sistola (ürək yığılması) zamanı tam qapanmaması nəticəsində baş verir.

Normada trikuspidal qapağın sahəsi >7 kv.sm-dir və bu sahənin <1.5 kv.sm-dək azalması hemodinamik əhəmiyyətli (xəstə üçün təhlükə yarada bilən qan dövranı pozğunluğu) stenozdan xəbər verir. Trikuspidal qapağın revmatik xəstəlik səbəbindən stenozu əksər hallarda mitral qapaq xəstəliyi ilə yanaşı müşahidə edilir. Requrqitasiyasız trikuspidal stenoz nadir hallarda müşahidə edilir.

MÜALİCƏ.

Xəstəliyin inkişafının ləngidilməsi.

Məlumdur ki, penisillinlə ikincili profilaktika streptokokk infeksiyası hallarını, kəskin revmatik qızdırmanın təkrar epizodlarının sayını və kəskin revmatik qızdırması və ÜRX olan xəstələrin hospitalizasiya müddəti və tezliyini azaltmış olur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə ÜRX və ya mülayim dərəcəli karditi (məs., mülayim dərəcəli mitral requrqitasiya və ya sağalmış kardit) olan xəstələrdə ikincili profilaktikası son epizoddan sonra ən azı 10 il müddətində və ya xəstənin 25 yaşına çatmasınadək aparılmalıdır.

Daha ağır dərəcəli qapaq zədələnməsi (məs., ürək çatışmazlığına səbəb olan) olan xəstələrdə, habelə qapaq üzərində cərrahi əməliyyat keçirmiş xəstələrdə isə ikincili profilaktika ömür boyu davam etdirilməlidir.

Mitral requrqitasiyanın (çatışmazlığın) müalicəsi.

Mülayim dərəcəli revmatik mitral requrqitasiyası (MR) olan xəstələr adətən uzun müddət asimptomatik qalır və buna görə də onların hər il müayinədən keçməsi tələb olunur. Orta dərəcəli MR-ı olan xəstələr isə hər 6-12 aydan bir təkrar müayinə olunmalıdır. Bu xəstələrin müayinəsi mütləq fiziki müayinədən, ürəyin auskultasiyasından və sol mədəciyin sistolik funksiyasının qiymətləndirilməsi üçün EXO-dan ibarət olmalıdır. Sol mədəciyin sistolik disfunksiyası əlamətləri müəyyən edilən (ürəyin atım fraksiyası EF<60% və/və ya sol mədəciyin sistola sonu ölçüsü >4.5 sm) xəstələrin cərrahi əməliyyata hazırlanması məqsədəuyğun hesab edilir.

Revmatik xəstəlik mitrak qapaq taylarının fibroz qalınlaşması və xorda strukturlarının (qapaqaltı hissələrin) çapıqlaşmasına səbəb olur. Bu da öz növbəsində mitral qapaq təmirinin müsbət nəticəsinin daha qısa müddətli olmasına gətirib çıxarır. Buna baxmayaraq, revmatik mitral requrqitasiyası olan xəstələrdə təmir əməliyyatı (xəstənin öz qapağının qorunması) daha faydalı hesab edilir. Fransada aparılan tədqiqatdan məlum olmuşdur ki, revmatik mitral requrqitasiya səbəbindən mitral klapanın (qapağın) cərrahi bərpasından sonra xəstələr arasında 10 il ərzində sağ qalma 89%, 20 il ərzində isə 82% olmuşdur. Həmçinin, 10 ildən sonra təkrar əməliyyat yalnız 18% xəstədə, 20 ildən sonra isə 45% xəstədə tələb olunmuşdur. Təkrar əməliyyata əsas səbəb isə qapağın proqressiv fibrozu olmuşdur. Mitral qapaq təmiri mümkün olmayan xəstələrdə mitral qapağın mexaniki klapanla və ya bioprotez klapanla əvəzlənməsi aparılır. Nəzərə alınmalıdır ki, mitral qapağın mexaniki və ya bioprotez klapanla əvəzlənməsi ilə müqayisədə qapaq təmiri olunan xəstələrdə sağ qalma faizi daha yüksəkdir.

Bir sıra tədqiqatlardan həm də məlum olmuşdur ki, qapaq təmiri və protezləşdirilməsini keçirmiş xəstələr arasında təkrar əməliyyat faizi eyni olsa da, əvvəllər təmir əməliyyatı keçirmiş pasientlərdə təkrari əməliyyatdan sonra mortalite (ölüm) daha aşağı olur. Mitral qapaq təmirinə üstünlüyün verilməsinə dair digər arqument isə həmin xəstələrdə xroniki antikoaqulyasiyanın (qandurulducu, qansulandırıcı müalicənin) aparılmasına ehtiyacın olmamasıdır.

Mitral stenozun (MS) müalicəsi.

Amerika və Avropa ürək cəmiyyətlərinin tövsiyələrinə əsasən mülayim dərəcəli mitral stenozu (MS) olan xəstələrdə hər 3-5 ildən bir, orta dərəcəli mitral stenozu olan xəstələrdə hər 1-2 ildən bir və ciddi dərəcəli asimptomatik mitral stenozu olan xəstələrdə isə hər il ağciyər arteriyasında təzyiqin ölçülməsi məqsədilə EXO-nun aparılması tələb olunur. Simptomları olan xəstələrdə isə EXO ilə monitorinq daha tez-tez aparılmalıdır.

Mitral stenoz mexaniki patologiya olduğundan, orta və ya ağır dərəcəli MS olan xəstələrdə simptomlar yaranan kimi onların valvuloplastika (balon və ya açıq) və ya cərrahi müdaxilə üçün ürək-damar cərrahı tərəfindən müayinəsi tələb olunur. Orta və ya ağır dərəcəli MS ilə yanaşı ağciyər ödemi olan xəstələr tibbi cəhətdən stabilləşdirilməli və təcili cərrahi müdaxilə və ya valvuloplastika üçün qapaq təmiri mərkəzlərinə yönləndirilməlidir.

Tədqiqatlar göstərir ki, ağciyər hipertenziyası cərrahi əməliyyat riskini xeyli artırmış olur. Buna görə də, MS ilə yanaşı ağciyər hipertenizyası (ağciyər arteriyasının təzyiqi >50 mm c.s.) yaranmış lakin asimptomatik xəstələrdə erkən cərrahi müdaxilə daha məqsədəuyğundur.

Korreksiya olunmamış ağır dərəcəli mitral stenozun son mərhələləri ağciyər hipertenziyası və sağ tərəfli ürək çatışmazlığı, ödem və assit (qarın boşluğuna suyun yığılması) ilə ağırlaşa bilər. Bu xəstələrdə yanaşı trikuspidal requrqitasiya da müəyyən edilir və əsasən sağ mədəciyin dilyatasiyasına (genişlənməsinə) bağlı inkişaf edir.

  1. Qulaqcıqların fibrilyasiyası (Atrial Fibrilyasiya- AF)

Mitral stenozu olan xəstələrdə qulaqcıqların səyrici aritmiyası (fibrilyasiyası) riski xeyli yüksək olur. İlkin olaraq paroksizmal (epizodik) olmasına baxmayaraq, tədricən davamlı (uzunmüddətli) olur. Qulaqcıqların fibrilyasiyası uzun illər davam etdikcə qulaqcıqların yığılması nəticəsində mədəciklərin dolması prosesi pozulmuş olur. Tədqiqatlar göstərmişdir ki, qulaqcıqların fibrilyasiyası olan xəstələrdə ürək atımı (“cardiac output”) təxminən 30% aşağı düşmüş olur. Həmçinin, AF zamanı mədəciklərin yığılma tezliyinin artması və nəticədə diastola zamanı mədəciklərin dolma müddətinin qısalması baş verir. Bu cür dəyişikliklər sol qulaqcıq daxili təzyiqin artmasına səbəb ola bilər və buna görə də, təcili müalicə tələb edir. Bununla yanaşı həmin xəstələrdə tromboemboliya riski xeyli artmış olur.

  1. Tromboemboliyanın profllaktikası.

Mitral stenozu olan xəstələrdə tromboemboliya və embolik halların baş verməsi riski daha yüksək olur. Paroksizmal və ya davamlı atrial fibrilyasiyası, sol qulaqcıq daxili trombu olan və ya əvvəllər emboliyası olmuş xəstələrdə bu risk daha da artmış olur.

Müştərək mitral qapaq xəstəliyinin müalicəsi.

Eyni zamanda həm mitral stenozu və həm də requrqitasiyası olan pasientlərdə xəstəliyin təbii gedişatı və proqnozu təcrid olunmuş requrqitasiya ilə müqayisədə daha pisdir. Müştərək mitral qapaq xəstəliyi olan və müalicə almayan xəstələrin yalnız 2/3 hissəsi 5 il ərzində, və yalnız 1/3 hissəsi 10 il ərzində sağ qalmış olur. Simptomatik olan, habelə orta dərəcəli mitral requrqitasiyası və orta dərəcəli mitral stenozu olan xəstələrdə qapağın protez klapanla əvəzlənməsi tələb olunur.

Aortal requrqitasiya.

Aortal requrqitasiyası olan xəstələrdə simptomların inkişafı və sistolik disfunksiya tədricən baş verir. Buna görə də, aortal requrqitasiyası olan xəstələrin dövrü monitorinqinin aparılması tövsiyə edilir. Mülayim və orta dərəcəli aortal requrqitasiyası olan xəstələrin sağ qalma faizi yüksəkdir və adətən cərrahi müdaxilə tələb olunmur. Ağır dərəcəli simptomatik, habelə sol mədəciyin funksiyası pisləşən (LVEF- sol mədəciyin atım fraksiyası <50%) və ya sol mədəciyin ölçüsü artan (LVEDD- sol mədəciyin diastola sonu ölçüsü >75 mm və ya LVESD- sol mədəciyin sistola sonu ölçüsü >55 mm) xəstələrdə cərrahi müdaxilənin aparılmasına göstəriş vardır.   

Aortal stenozun müalicəsi.

Asimptomatik aortal stenozun müalicəsi mütamadi dövrü monitorinqdən, yanaşı olan ürək-damar xəstəliklərinin müalicəsindən və fiziki aktivliyin məhdudlaşdırılmasından ibarətdir. Aortal stenozda qapaq taylarının proqressiv zədələnməsinin qarşısını almaq üçün hazırda heç bir effektiv tibbi terapiya mövcud deyil. Xəstəliyin simptomları barədə maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təngnəfəslik, fiziki iş qabiliyyətinin azalması, döş ağrısı, baş gicəllənmə və bayılma baş verdikdə təcili olaraq ekspert cərraha müraciət etmək tələb olunur. Xəstələrdə qapaq stenozunun irəliləməsini təqib etmək üçün dövrü EXO müayinəsinin aparılması tövsiyə edilir.  

Müştərək aortal qapaq xəstəliyi.

Eyni zamanda aortal requrqitasiya və stenozu olan xəstələrdə klinik simptomatika əsasən yuxarıdakılardan hansının daha ağır olmasından asılıdır. Məsələn, requrqitasiyası daha ağır dərəcəli olan xəstələrdə məhz requrqitasiyaya uyğun klinika müşahidə edilir. Eyni ağırlıq dərəcəsinə malik qapaq patologiyasında klinika da qarışıq olur. Aortal qapağın müştərək patologiyasının müalicəsi əsasən hər 6-12 aydan bir aparılan həkim müayinəsindən, simptomlar olduqda və ya sol mədəciyin disfunksiyası müəyyən edildikdə EXO-dan ibarətdir. Simptomlar müşahidə edildikdə və ya sol mədəciyin funksiyası pisləşdikdə, aortal qapağın cərrahi yolla dəyişdirilməsi tələb olunur.

Trikuspidal qapaq xəstəliyinin müalicəsi.

Ədəbiyyatda məlumatın azlığına baxmayaraq, qeyd etmək olar ki, ağır dərəcəli trikuspidal stenozu olan xəstələrdə perkutan balon valvotomiyasının aparılması mümkündür. Balon valvotomiyası ilə müalicəsi mümkün olmayan xəstələrdə isə trikuspidal qapağın ağır stenozu cərrahi yolla korreksiya olunur.

Ürəyin revmatik xəstəliyi olanlarda trikuspidal requrqitasiya tez-tez müəyyən edilir. Mitral qapaqda aparılan cərrahi müdaxilədən sonra trikuspidal requrqitasiya daha da pisləşə bilir. Həm mitral, həm də orta və ya ağır trikuspid qapaq requrqitasiyası olan xəstələrdə mitral qapağın cərrahi korreksiyası zamanı trikuspid qapaq annuloplastikasının (qapağın əsasına xüsusi 3D həlqənin yerləşdirilməsi) aparılması tövsiyə olunur. 

Hamiləlik.

Ürəyin klapan xəstəliyi olan qadınların hamiləlikdən əvvəl həkimlə məsləhətləşməsi və bütün potensial risk və mümkün ağırlaşmaların müzakirə edilməsi tövsiyə edilir. Ürəyin qapaq xəstəliyi olan qadınlar hamilə olduqda mütləq kardioloqun nəzarətində olmalıdır.

Ümumi profilaktika tədbirləri.

Yuxarıda qeyd olunduğu kimi, ürəyin revmatik xəstəliyi olan xəstələrdə revmatik qızdırmanın təkrar baş verməsinin profilaktikası mütləq aparılmalıdır. Həmin xəstələrin illik qripə qarşı vaksinasiya edilməsi, dişlərin və ağız boşluğunun ciddi gigiyenasına əməl edilməsi və ildə bir dəfə stomatoloqun müayinəsindən keçməsi xüsusi əhəmiyyət kəsb edir.

Protez ürək klapanı olan xəstələrdə, habelə əvvəl infeksion endokarditi olmuş xəstələrdə istənilən invaziv prosedurdan əvvəl, o cümlədən, invaziv stomatoloji prosedurlardan əvvəl infeksion endokarditin antibiotiklərlə profilaktikası aparılmalıdır.