Mitral qapaq Exokardioqrafiyanın “gözü” ilə

Mitral qapaq
Exokardioqrafiyanın “gözü” ilə
Ürək xəstəliklərininin, xüsusilə qapaq xəstəliklərinin diaqnostikasında ilkin seçim müayinə üsulu Exokardioqrafiyadır. Exokardioqrafiya (EXO) səs dalğaları vasitəsilə ürəyin vizualizasiyası prinsipinə əsaslanır. Müalicə həkiminiz bir neçə məqsədlə EXO müayinəsi təyin edə bilər:
- Ürəyin yığılma funksiyası, əzələ gücünün təyini;
- Anadangəlmə ürək qüsurlarının diaqnostikası;
- Qapaq, perikard və miokard patologiyalarının təyini;
- Qapaq xəstəliyi gedişatının izlənilməsi;
- Cərrahı əməliyyat və ya dərman müalicəsinin effektivliyinin təyini.
Həkiminizin ehtiyac duyduğu informasiyadan asılı olaraq transtorakal (hamının bildiyi) və transesofageal (qida borusundan- yəni ağızdan girilməklə) EXO seçimləri mövcuddur.
Transtorakal Exokardioqrafiya (TTE) (Şəkil 1)
EXO müayinəsi deyilən zaman nəzərdə tutulan, ən çox icra edilən Exokardioqrafiya formasıdır. Müayinə ixtisaslaşmış kardioloq tərəfindən aparılır. Pasient transtorakal EXO müayinəsi haqqında aşağıdakıları bilməlidir:
- Müayinə otağına daxil olduqdan sonra tibb bacısı və ya həkim üst geyimlərini çıxarmağınızı xahiş edəcək;
- Sol çiyin üstündə uzanaraq sol qolunuzu başınızın altına qoymağınız tələb ediləcək;
- Müayinə zamanı ağrı olmayacaq;
- Müayinə öncəsi xüsusi hazırlıq tələb edilmir;
- Səs dalğalarının orqanizmə ziyanı yoxdur;
- Müayinə öncəsi xüsusi hazırlıq tələb edilmir;
- Səs dalğalarının orqanizmə ziyanı yoxdur.
Exokardioqrafiya müayinəsi yuxarıdakı şəkildə gördüyünüz EXO ucluğu vasitəsilə icra edilir.
Şəkil 1. Transtorakal EXO görüntü
Transesofageal exokardioqrafiya (TEE) (Şəkil 2)
Ürəyin daha detallı vizaulizasiyası üçün həyata keçirilən müayinədir. Transtorakal EXO ilə eyni prinsipə malik olsa da, icrası daha mürəkkəbdir. Müayinə zamanı EXO ucluğu ağızdan qida borusuna yeridilir. Qida borusu topoqrafik baxımdan ürəyə yaxın yerləşdiyindən və ucluqla ürək arasında daha az struktur- maneə olduğundan daha detallı görüntülər və daha dəqiq ölçülər almaq imkanı yaradır.
Şəkil 2. Transesofageal EXO görüntü
Müayinə öncəsi və müayinə zamanı aşağıdakı detallara diqqət edilməsi müayinənin pasient və həkim üçün daha rahat keçməsinə şərait yaradacaq:
- Müayinədən öncə ən az 8 saat ərzində qida və su qəbulunu dayandırmaq tələb ediləcək;
- Prosedur zamanı sizə yüngül sedativ preparatlar – sakitləşdirici və yuxugətiricilər veriləcək;
- Həkiminiz TEE ucluğunu ağızdan qida borusuna yeridəcək;
- Prosedur zamanı ağrı, narahatlıq hiss etməyəcəksiniz;
- Müayinə sonrası bir neçə saat həkim nəzarətində olmağınız məsləhət görüləcək;
- Müayinə sonrası yüngül boğaz ağrısı hiss etməyiniz normaldır.
Ürəkdə ən çox zədələnən qapaq aortal qapaq olsa da mitral qapaq zədələnməsi hər zaman aktualdır. Bəzən ikitaylı qapaq da adlandırdığımız mitral qapaq ürəyin sol kameralarını: sol mədəcik və sol qulaqcığı bir birindən ayıran strukturdur və bu kameralar arasında qan axımının tənzimlənməsini həyata keçirir. Normal quruluşda olan, zədələnməmiş mitral qapağın 3 əsas struktur komponenti var:
- Mitral qapaq annulusu;
- Mitral qapaq tayları (lifletləri);
- Papilyar əzələlər və xordalardan ibarət olan qapaqaltı aparat.
Bu strukturlardakı hər hansı zədələnmə qapağın açılması yaxud bağlanmasının pozulmasına səbəb olur. Əgər qapaq tam bağlanmırsa mitral qapaq çatışmazlığı (yaxud mitral requrqitasiya), qapağın açılmasında məhdudiyyət yaranarsa mitral qapaq darlığı (yaxud mitral stenoz) meydana çıxır. Hər iki halın ilkin diaqnostikası EXO müayinəsi vasitəsilə icra edilir.
EXO zamanı mitral qapaq taylarının qalınlığı, ürək tsiklinin fazaları zamanı hərəkəti həkim tərəfindən izlənərək dəyərləndirilir. Müayinə zamanı əhəmiyyətli göstəricilərdən biri ürək kameraların ölçüsüdür. Xüsusilə mitral qapaq patologiyaları zamanı sol qulaqcığın ölçüsü dəyərləndirilməli və qeyd edilməlidir. “Rəngli Doppler” funksiyasından istifadə edərək qapaqdan qan axınını, qan axınının istiqamətini, sürətini və kameralar arasındakı təzyiq fərqini ölçmək mümkündür. Bütün bu ölçümlər müalicə yönünün təyin edilməsi, cərrahi əməliyyatın öncədən planlanması və digər vacib qərarlar verilməsində həlledici rol oynayır.
Transesofageal Exokardiografiya (TEE) müayinəsi mitral qapaq strukturlarının 3D formatda görüntülənməsi (Şəkil 3) vasitəsilə ənənəvi 2D görüntüləmə zamanı qaranlıq qalan struktur zədələnmələrinin daha dəqiq vizualizasiyasını təmin edir.
Şəkil 3. Ön tay A II seqmentinin xorda qopmasına bağlı prolapsının 3D TEE görüntüsü.
A. Mitral qapaq açılarkən B. Qapaq bağlanarkən.
Müxtəlif mitral qapaq patologiyaları və bu patologiyalar zamanı icra edilə biləcək cərrahi prosedurlar haqqında səhifəmizdə paylaşılan digər məqalələrdə bilgi əldə edə bilərsiniz.