Kiçik kəsik böyük fərq yaradır- Dr Natiq Mirzəyev

Kicik kesik boyuk ferq yaradir- Dr Natiq Mirzeyev

-Minimal invaziv ürək cərrahiyyəsinin əsas mahiyyəti nədir?

 

-Minimal invaziv ürək cərrahiyyəsi döş sümüyü kəsilməklə icra edilən ənənəvi açıq ürək əməliyyatlarının eynisinin daha kiçik kəsiklərlə, döş sümüyü kəsilmədən və daha az travma ilə icra olunmasıdır. Bu zaman 7 sm-dən kiçik kəsiklər istifadə edilir. Minimal invaziv cərrahiyyənin yaranmasının və getdikcə daha geniş vüsət almasının səbəbi tək yaxşı kosmetik nəticələr deyil. O da önəmlidir, amma bu üsulun inkişafının əsas təkanverici qüvvəsi xəstə şikayətləri olmuşdur.

    Keçən əsrin sonlarından etibarən cərrahlar pasiyentlərin döş sümüyü ilə bağlı şikayətlərini nəzərə alaraq ürəyə çatmağın və ürək əməliyyatını icra etməyin alternativ yollarını axtarmağa başladılar. Bu zaman gördülər ki, qabırğaarası kəsiklərlə də ürək əməliyyatlarını icra etmək olar. Bu halda ürək-ağciyər aparatına qoşulmaq üçün yeni üsullara ehtiyac yarandı. Bu isə texniki inkişaf tələb edirdi. Tibbi sənayenin inkişafı ilə ürəyin ürək-ağciyər aparatına mərkəzdən yox, periferik, yəni ayaq və qol arteriya və venalarından qoşulması təmin olundu. Nəticədə ürəyin saxlanılması və bədənin soyudulması döş sümüyünü kəsmədən də mümkün oldu. Bütün bunlar minimal invaziv ürək cərrahiyyəsinin inkişafını sürətləndirdi.

 

-Ürək cərrahiyyəsində bu üsullar nə vaxtdan tətbiq olunur?

 

-Minimal invaziv ürək cərrahiyyəsi üsulları, təxminən, 1995-2000-ci illərdən inkişaf etməyə başladı. İlk dövrlərdə ürək qapaq qüsurları və anadangəlmə ürək dəliklərinin təmiri icra olunurdu. Cərrahların daha çox təcrübə qazanması ilə 2010-2012-ci illərdən etibarən aorta-koronar şuntlama, yəni baypas (“bypass”) əməliyyatlarının da bu üsullardan istifadə olunaraq yerinə yetirilməsinə başlandı.

    Bizim mərkəzdə ilk vaxtlar belə əməliyyatların sayı az olsa da, indi, demək olar ki, əksər xəstələrdə minimal invaziv cərrahiyyəni tətbiq edə bilirik. Bu üsul həkimdən daha çox, pasiyentin məmnunluğu üçündür. Odur ki, bizə müraciət edən hər xəstəyə fərdi yanaşır, ən müasir üsullarla kömək etməyə çalışırıq.

 

-Ürək patologiyalarında hansı kəsiklərdən istifadə edilir?

 

-Minimal invaziv ürək cərrahiyyəsi üsulları bəzi anadangəlmə, əksər qazanılmış ürək qüsurlarında, yəni ürək qapaq qüsurlarında, ürək şişlərində və demək olar ki, əksər şuntlama əməliyyatlarında tətbiq edilə bilər. Lakin bu strukturların döş qəfəsindəki yerləşməsi səbəbi ilə kəsik yerləri fərqli olur. Aortal qapaq qüsurları zamanı əməliyyatın sağ 2-ci qabırğaarasından, mitral və trikuspid qapaq qüsurlarının bərpası və ürəyin xoş xassəli miksomatoz şişinin xaric edilməsinin sağ 4-cü qabırğaarasından icra olunması cərrah üçün daha rahat olur. Mini baypas əməliyyatı isə sol 4-cü qabırğaarası sahədən həyata keçirilir.

    Bu əməliyyatlardan öncə bədənin uyğun hissələrinin 3 ölçülü tomoqrafik müayinəsi aparılır, ürək və iri damarların döş qəfəsi orqanlarına olan münasibəti, dəriyə olan məsafəsi nəzərdən keçirilir. Bir sözlə, 10-larla parametri diqqətə alaraq, əməliyyatın hansı kəsiklərdən icra olunacağına qərar verilir.

 

-Baypas əməliyyatı minimal invaziv metodlarla necə həyata keçirilir?

 

-Ürək üzərində ən çox icra olunan əməliyyat aorta-koronar şuntlamadır. Bu zaman daralmış, yaxud da tam tutulmuş damar xəstənin öz bədənindən çıxarılmış yeni damarla əvəz olunaraq qan dövranı bərpa olunur. Amma son 10-12 ildə bu əməliyyatlar minimal invaziv üsullarla da icra edilməyə başlayıb. Əvvəl 1-2 damardan başlanmış, sonra bütün ürək damarlarının bu üsullarla cərrahiyyəsi mümkün olmuşdur.

    Çalışdığım Bakı Ürək Mərkəzində uyğun xəstələrdə belə əməliyyatları minimal invaziv üsullarla, yəni sinə sümüyü açılmadan 4-cü qabırğaarasından 6-7 sm kəsiklərlə icra edirik. Qadınlarda məməaltı kəsikdən istifadə etdiyimiz üçün ön tərəfdən heç bir iz görünmür.

 

-Hibrid baypas əməliyyatı haqqında da məlumat verərdiniz. Hansı hallarda tətbiq olunur?

 

-Mərkəzimizdə minimal invaziv əməliyyatların yeni bir inkişaf mərhələsi olan hibrid əməliyyatlarını da geniş tətbiq edirik. Bu əməliyyatlar adından da göründüyü kimi 2 üsulu: açıq cərrahiyyə və stentləmə, yəni damar daxili stent yerləşdirilməsini birləşdirir. Bu zaman ürəyin “LAD” adlanan əsas damarı 20 illik açıqlıq göstəricisi 98% olan daxili döş arteriyası (LİMA) ilə baypas  olunur. Sonrakı mərhələdə isə bir neçə gündən, yaxud həftədən sonra digər damarlara stent implantasiya olunur. Bu da bizə minimal invaziv olaraq bütün damarları baypas edilməsi mümkün olmayan xəstələrdə sinə sümüyünü qorumağa imkan verir.

 

-Minimal invaziv ürək cərrahiyyəsi hər pasiyentə tətbiq oluna bilərmi?

 

-Əksər ürək patologiyalarında bu üsulu tətbiq etmək mümkündür. Xüsusən də aktiv həyata, iş fəaliyyətinə tez qayıtmaq istəyən xəstələrdə minimal invaziv cərrahiyyə daha geniş tətbiq olunur. Lakin bu üsul təkcə cavan, aktiv xəstələr üçün deyil, həm də yaşlı, yanaşı xəstəliyinə görə daha tez bərpa olunma ehtiyacı olan xəstələr üçün unikal bir seçimdir. Bir neçə il əvvəl sinə sümüyündən girilərək ürək əməliyyatı olmuş xəstələrdə ürəyin yeni yaranmış başqa patologiyası səbəbi ilə yenidən əməliyyata ehtiyac yaranırsa, bu üsul əvəzedilməz hesab olunur.

    Lakin bütün üsullarda olduğu kimi, bunun da əks göstərişləri var. Artıq çəkili, daha öncə döş qəfəsindən əməliyyat olmuş, travma almış xəstələr risk qrupuna daxildir. Eyni zamanda iri damarların anatomik və ya aterosklerotik zədələnməsi, balonlaşması (anevrizması) olan, nəticədə periferik ürək-ağciyər aparatına qoşa bilmədiyimiz xəstələr üçün bu üsul riskli hesab edilir.

    Tərcübə artdıqca, texniki təchizat yeniləndikcə qarşımızda dayanan manelər də azalır. Demək olar ki, əksər pasiyentlərdə minimal invaziv üsulları tətbiq edə bilirik.

 

-Bu yeni üsul əməliyyatların pasiyentlər üçün hansı üstün cəhətləri var?

 

-Döş sümüyü kəsilərək icra olunan əməliyyatlardan sonra pasiyentin sinəsində uzun bir yara izi qalır. Kəsiyin verdiyi ağrılar və görüntüsü bəzən o qədər psixoloji təsir edir ki, bundan depressiv duruma düşən xəstələr də olur. Halbuki minimal invaziv üsullarla etdiyimiz əməliyyatlardan sonra 6-7 sm uzunluğunda kiçik kəsik izi qalır.

    Müasir dövrdə insanlar uzun müddət işdən qala bilmir. Bu əməliyyatların verdiyi komfort və erkən aktivləşmə şansı əksər pasiyentlərin bu üsulu seçməsində əsas motivəedici amilə çevrilir. Sinə sümüyünün kəsilməsi ilə edilən cərrahiyyədən 6-7 gün, minimal invaziv üsulla olan əməliyyatdan isə 2-3 gün sonra xəstə evə buraxılır. Birincidə tam bərpa dövrü 3 ay çəkdiyi halda, mini invaziv üsulla xəstə 3-4 həftə sonra işə (hətta ağır fiziki) çıxa bilir. Əksər xəstələr elə əməliyyatxanada süni tənəffüs aparatından ayrılır. Erkən aktivləşmə ağciyər funksiyalarının tez geri dönməsinə və xəstənin daha gümrah olmasına səbəb olur. Xəstələr mini invaziv cərrahiyyədən sonra evə yazıldıqda rahatlıqla qoruyucu kəmər taxaraq avtomobil idarə edə bilir.

    Döş sümüyü böyüklərdə əsas qanyaradıcı orqanlardan biridir. Bu sümüyün kəsilməməsi qan itkisini xeyli azaldır. Nəticədə qan köçürülməsinə ehtiyac azalmış olur. Sinə sümüyü kəsilmədiyindən, yalnız qabırğaarası əzələlər kəsildiyindən ağrı sindromu da az olur. Kəsik kiçik olduğu üçün hava ilə təmas az olur və infeksiya riski minimuma enir. Nəticədə antibiotik istifadəsinə də ehtiyac azalır. Bu, xüsusən də qaraciyər, böyrək problemləri olan yaşlı xəstələr üçün çox vacibdir.

    Estetik tərəfini qeyd etməyi artıq bilirəm, çünki bu, artıq mini invaziv əməliyyatların visit kartına çevrilib.

 

-Bakıda etdiyiniz minimal invaziv əməliyyatla Avropada, məsələn, Almaniyada edilən eyni əməliyyat arasında bir fərq varmı?

 

-Minimal invaziv əməliyyatların pik nöqtəsi robot cərrahiyyə hesab olunur, lakin hətta Qərbi Avropa və ABŞ-da belə hər xəstəxanada icra edilmir. Minimal invaziv üsulu tətbiq edən cərrah istər-istəməz robot cərrahiyyəsinə doğru irəliləyir. İcra etdiyimiz əməliyyatlar istər texniki, istər keyfiyyət, istərsə də nəticə baxımından Qərbdəki kolleqalarımızın eyni göstəricilərindən heç də geri qalmır.

 

Qafqazinfo.az

Könül Cəfərli