Ürək çatışmazlığı. Vacib tövsiyələr.

Urek catismazligi. Vacib tovsiyeler.

Ürək çatışmazlığı nədir?
Ürək çatışmazlığı, ürəyin bədənin ehtiyacını təmin edəcək qədər qanı bədənə çatdıra bilməməsi səbəbilə ağciyərlərə və bədənin digər hissələrinə maye yığılması ilə müşayiət olunan ciddi bir vəziyyətdir. Buna baxmayaraq vaxtında diaqnoz qoyulduqda və düzgün müalicə olunduqda xəstələr uzun və keyfiyyətli həyat yaşaya bilirlər.
Ürək çatmamazlığının əlamətləri hansılardır?

Təngnəfəslik: Ağciyərlərə maye yığılması səbəbilə baş verir. Xəstəliyin erkən mərhələsində adətən hərəkət və fiziki aktvlikdən sonra meydana çıxan təngnəfəslik, daha sonra sakitlikdə də meydana çıxır. Gecələr və ya uzanıq vəziyyətdə meydana çıxan təngnəfəslik daha ciddi simptomdur və  ürək çatışmazlığı üçün spesifikdir.

Öskürək və ya nəfəs verərkən fitverici xırıltı: Bu da adətən ağciyərlərdə maye durğunluğu səbəbilə baş verir. Lakin bronxial astma və ya xroniki bronxiti olanlarda da rast gəlinir.

Bədən kütləsində dəyişikliklər: Ürək çatışmazlığı olan xəstələrdə sürətli çəki dəyişiklikləri (maye toplanmasına bağlı çəki artımı və ya müalicəyə bağlı çəki itkisi) tez-tez rast gəlinir. Hər səhər  çəkinizi ölçmək və 3 gün ərzində 2 kq dan artıq çəki artımı olduğu halda həkiminizə müraciət etməyiniz tövsiyə olunur. 

Ayaq topuqlarında şişkinlik: 

Bədəndə maye toplanması ayaq topuqlarında şişkinlik (ödem) şəklində özünü göstərə bilər. Şiş çox olduqda baldırlarda, budlarda və qarında da görülə bilər. Bu hallarda vəziyyətinizə görə həkiminiz sizə günlük qəbul etməli olduğunuz maye miqdarı haqda məlumat verəcək və ehtiyac   olduğu halda sidikqovucu (diuretik) dərman   preparatının dozasında dəyişiklik edəcəkdir.

İştahsızlıq: Xəstəliyiniz səbəbilə qaraciyər ətrafında və qarında maye toplanmasına bağlı olaraq iştahsızlıq, qidanın həzm olunmaması hissi və  qarında şişkinlik ola bilər. Bu hallarda az-az və tez-tez yemək tövsiyə olunur. 

Gecələr sidiyə çıxma ehtiyacı: Gecələr yataqda uzanıq vəziyyətdə gün boyu ayaqlarınızda yığılan maye qan dövranına keçir və böyrəklərdən süzülən qan miqdarının artırır.  Axşam saatlarından sonra maye qəbulunu azaltmaq və ya yatmazdan qabaq tualetə getmək gecə sidiyə çıxma tezliyinizi azaltmaqda faydalı ola bilər. Sidikqovucu (dİuretik) preparat qəbul edirsinizsə preparatın səhərlər istifadəsi faydalı olar. Depressiya və narahatlıq: ürək çatışmazlığı simptomları sizdə depressiyaya, narahatlığa, sıxıntılara səbəb ola bilər. Bu çox rast gəlinən bir haldır. Ehtiyac olduğu halda psixoloji dəstək almaqdan çəkinməməlisiniz.  

Yorğunluq və zəiflik:

Əzələlərin oksigen və qida maddələri çatışmazlığı tez yorulmağınıza səbəb olur. Orta tempdə və requlyar fiziki aktivlik şikayətlərinizi azaltmağa kömək edəcəkdir.

Başgicəllənmə: Ürək çatışmazlığı olan xəstələrdə adətən istifadə edilən dərmanlara bağlı başgicəllənmə  olur. Lakin ürək ritminin pozğunluqları, oturaq və ya  uzanıq pozisiyadan qəfil ayağa qalxmaq da bu şikayətə səbəb ola bilər. 

Ürək vurğularının sayında artma: Ürək çatışmazlığında ürək bədənə ehtiyacı olan qədər qanı vura bilmir. Bunun kompensə etmək üçün daha tez-tez döyünməyə başlayır.  

Ürək çatışmazlığının səbəbələri nələrdir?

Ürək damarlarının xəstəlikləri (miokard infarktı)

Ürək çatışmazlığının ən əsas səbəbidir. Miokard infarktı zamanı ürəyi qidalandıran damarlardan biri  tam tutulur və ürək əzələsinə oksigen və qida maddələri çatmır. Bu səbəblə həmin damarın qidalandırdığı sahədə ürək əzələsi hüceyrələri ölür, digər hüceyrələr isə daha çox işləmək məcburiyyətində qalır. 

Qan təzyiqinin yüksək olması (Hipertenziya): 

Ürəyin daha çox işləməsinə səbəb olaraq ürək çatışmazlığına gətirib çıxara bilir.

Ürək qapaqlarının xəstəlikləri, ürək əzələsinin xəstəliyi və ya iltihabı (kardiomiopatiya və

miokarditlər), anadangəlmə ürək qüsurları ürək çatışmazlığına səbəb olan digər hallardır. 

Ağciyər, böyrək xəstəlikləri və digər vəziyyətlər: Ağciyər xəstəliyiniz varsa qandakı oksigen miqdarı azalır və ürəyiniz daha çox işləmək məcburiyyətində qalır. Ağciyər xəstəliyinə bağlı meydana çıxan ürək çatışmazlığı adətən ürəyin sağ hissəsinə təsir edir və bu qarında və ayaqlarda maye toplanmasına (ödemə) səbəb olur. 

Böyrək çatışmazlığında suyun və duzun bədəndə saxlanmasını artıran hormonlar artır və daha çox maye toplanmasına səbəb olaraq ödemə gətirib çıxarır.

İnfeksiyalar, qanazlığı, ritm pozğunluqları, şəkərli diabet və qalxanabənzər vəz xəstəlikləri ürək çatışmazlığının gedişatını daha da pisləşdirirlər. 

Ürək çatışmazlığının diaqnozu necə qoyulur?

Şikayətləriniz, fizikal müayinə, qan analizləri, elektrokardioqrafiya (EKQ), Exokardioqrafiya (EXO), döş qəfəsi rentgenoqrafiyası əsasında diaqnoz qoyulur. Daha dəqiq diaqnoz üçün bəzi hallarda ağciyərin funksional testləri, stress test, ürək MRT, ürək KT, ürək kateterizasiyası, koronar angioqrafiya (anjo), PET müayinələrinə də ehtiyac ola bilər. 

Ürək çatışmazlığının proqnozu necədir?

Adətən zamanla pisləşən, xroniki və ciddi xəstəlikdir. Xəstəliyin diqqətli və düzgün müalicəsi həyat keyfiyyətinizi və ömrünüzü uzadacaqdır. 

Ürək çatışmazlığında istifadə olunan dərmanlar hansılardır?

Ümümi vəziyyətinizə, şikayətlərinizə və xəstəliyin səbəbinə görə sidikqovucular (diuretiklər), AÇFi, ARB, B blokatorlar, digoksin, antiaritmiklər, damar genişləndiricilər, qandurulducular, xolesterol əleyhinə preparatlar istifadə oluna bilər. 

Cihazlar və cərrahi müalicə

Ürək ritm pozğunluğu və ya ürək keçiricilik problemləriniz varsa şikayətlərinizın azaldılması və ömrünüzün uzadılması məqsədilə ürək stimulyatorları deyilən xüsusi cihazlardan (peysmekker, CRT, İCD) fayda görə bilərsiniz. Bəzən ürək damarınıza stent qoyulması, şuntlama (baypas) əməliyyatı, ürək qapaq əməliyyatına ehtiyac görülür. 

Tövsiyələr

Həyat tərzi: Ürək çatışmazlığı həyatınız boyu müalicəyə ehtiyac duyulan xroniki bir xəstəlikdir. Nadir hallarda tam normallaşmaya rast gəlinir. 

Bədən çəkisi: Ürək çatışmazlığı çəkinizdə sürətli dəyişikliklərə səbəb ola bilər. Qısa zaman ərzində ciddi çəki azalması proqnostik pis göstərici ola bilər. Səbəbi, lazımi qədər kalori almamaq, hərəkətsizlik və ya ürək çatışmazlığına bağlı əzələ kütləsi itkisi ola bilər. Həmçinin, sidikqovucu (diuretik) preparatların dozasının artıqlığına da bağlı ola bilər.

Duz qəbulu: Duz istifadəsi azaldılmalıdır. Bunun üçün ilk növbədə görünən yerlərdən duzqablarını yığışdırmaq, daha çox meyvə-tərəvəz yemək, daha az miqdarda yağlı və işlənməmiş qidalardan istifadə etmək, taxıl məhsulları və balıq istifadəsini artırmaq lazımdır. 

Maye qəbulu: Əksər ürək çatışmazlıqlı xəstələrdə günlük qəbul edilməli maye miqdarı 1.5-2.0 litrdir (bura su, çay, sulu yeməklər, süd və qazlı içkilər daxildir). Maye qəbulunu azaltmaq üçün böyük stəkanlar yerinə daha kiçiklərindən istifadə etmək, bir dəfəyə çoxlu su içmək yerinə az-az, gün ərzində içiləcək  mayeni paylaşdırıb içmək, suyu və meyvələri soyuq olaraq istifadə etmək faydalı ola bilər.

Spirtli içki: Alkoqoliklərdə alkoqol kardiomiopatiyası ürək çatışmazlğına səbəb ola bilər. Əgər ürək xəstəliyiniz varsa çoxlu miqdarda spirtli içki istifadəsi ürək vurğularının sayını daha da artıracaq və təzyiqinizi yüksəldəcək. Günlük alkoqol istifadəsi 1-2 qədəhi keçməməlidir. Ürək çatışmazlığına bağlı şikayətləriniz ciddidirsə alkoqol istifadəsi tamamilə dayandırılmalıdır. 

Kalium qəbulu: Əgər sidikqovucu preparatlar istifadə edirsinizsə sidiklə kalium itirə bilərsiniz. Qanda kalium miqdarı aşağı olduğu halda  həkiminiz dərmanlarda dəyişiklik edə və ya kaliumla zəngin qidalardan (banan, portağal, ərik qurusu, kartof, yemiş, qarpız, balıq və s.) istifadə etməyi tövsiyyə edə bilər. Əgər qanda kalium səviyyəniz yüksəkdirsə kalium məhdudlaşdırıcı pəhriz də tövsiyə edilə bilər. 

Ürək çatışmazlığı ilə yaşamaq 

Doğru müalicə və dəstək olduğu təqdirdə, xəstəliyin ciddiyyətinə görə məhdudiyyətləri bilmək şərtilə ürək çatışmazlığı olan xəstələr etmək istədikləri fəaliyyətlərin çoxunu edə bilir.

Fiziki aktivlik və məşqlər: Ürək çatışmazlığı olan xəstələrin əksəriyyəti üçün faydalıdır. Məşqə başlamadan, intensivliyini və tipini dəyişdirmədən öncə kardioloqunuzla məsləhətləşin. Məşqə hər zaman isinmə hərəkətləriylə başlayın və bitirdikdə tempi yavaş-yavaş azaldın. Soyuq və küləkli havalarda isinmə hərəkətlərini çölə çıxmazdan əvvəl başlamağınız tövsiyyə olunur. Gəzinti məşq üçün ən gözəl başlanğıcıdr. Təngnəfəslik, baş gicəllənmə, döş sümüyü arxasında ağrı, ürəkbulanma və ya soyuq tərləmə hiss etdiyiniz halda dərhal məşqi dayandırın. Ağır yeməkdən və ya uzun aclıqdan sonra məşq etməyin. Yüngül yeməkdən 1-2 saat sonra məşqə başlaya bilərsiniz. Nəfəs tutma, müqavimət və ani hərəkət tələb edən məşqlərdən çəkinin.

Siqaret çəkmə: Qanın oksigen daşıma qabiliyyətinə təsir edir, qan təzyiqini qaldırır, damarların tıxanmasına səbəb olur. Bütün bunlar ürək çatışmazlığına mənfi təsir göstərir!

 

Siqareti atmaq heç bir zaman gec deyil və ürəyiniz üçün çox faydalıdır. Siqaret atmaq üçün müxtəlif metodlar mövcuddur: 1. Nikotin bandları, saqqızı və ya spreyi. 2. Yavaş-yavaş günlük istifadə etdiyiniz siqaret miqdarını azaltmaq 3.Yeməkdən sonra siqaret çəkmək əvəzinə dişləri fırçalamaq 4. Siqaret çəkilən yerlərdən uzaq durmaq 5. Əlinizi və ağzınızı kağız qaralayaraq və saqqız çeynəyərək məşğul etmək. 6. Fiziki aktivliyi artırmaq və daha aktiv həyat keçirmək. 7. Külqabını boşaltmamaq-bu sizə nə qədər çox siqaret çəkdiyinizi və nə qədər pis bir qoxu yaydığınızı xatırladacaqdır. 8. Ailə üzvlərinizi də siqaretlə mübarizəyə təşviq etmək.

Səyahət: Ürək çatışmazlığınız kontrol altındadırsa az və orta məsafəli səyahətlərə əngəl yoxdur. Uzun müddətli səyahətlərdə, xüsusən təyyarədə oturaq vəziyyətdə qalmaq ayaq topuqlarında şişkinliyə və əzələlərdə spazma səbəb ola bilər. Ayaqlarınızı müntəzəm hərəkət etdirmək və ya təyyarənin içərisində gəzinmək faydalı ola bilər. Bəzi hallarda həkiminiz uçuş əsnasında damarlarda laxta əmələ gəlməsinin qarşısını almaq üçün dizüstü elastik corablar geyinməyinizi tövsiyyə edə bilər. Səyahətə  çıxanda bütün dərmanlarınızı yanınızda aparın. 

Avtomobil sürmək: 

Əksər ürək çatışmazlıqlı xəstələr avtomobil sürə bilər. Lakin daha əvvəl ritm pozğunluğuna bağlı huşun itməsi (bayılma) anamnezi olanlar həkimi ilə məsləhətləşməlidirlər. Ürək cihazının olması avtomobil sürməyə əngəl deyil. 

İşləmək: Adətən, ürək çatışmazlığının səbəbi, ciddiliyi və görülən iş nəzərə alınaraq işləmək qərarı verilir. Əksər hallarda ürək çatışmazlığı kifayət qədər kontrol altına alına bilir və xəstələr uzun illər tam iş vaxtı işləyə bilir. 

Peyvəndlər: Qrip və pnevmoniya kimi infeksiyalar xəstəliyin gedişinə  mənfi təsir göstərir. Bu kimi infeksiyalara qarşı qorumanı təmin edəcək peyvəndlər mövcuddur və ürək çatışmazlığı olan xəstələrə tövsiyə olunur. 

Sosial münasibətlər: Ailə üzvlərinin sizi dəstəkləyərək mümkün olduğu qədər aktiv bir həyat tərzi yaşamağınız ürək çatışmazlığının effektiv müalicəsinin bir hissəsidir. Kömək qəbul  etməklə birlikdə mümkün qədər sərbəst qalmağınız önəmlidir.  

Cinsi həyat: Əksər xəstələr vəziyyətləri kontrol altında olmaq şərtilə normal cinsi həyatlarına davam edə bilər. Aşağıdakı tövsiyyələr normal cinsi həyat üçün faydalı ola bilər: 1. Cinsi münasibət üçün stressli olmadığınız, istirahət etmiş və rahat olduğunuz zamanları seçin. 2. Ağır yeməklərdən sonra və ya çoxlu miqdarda alkoqol istifadəsindən sonra cinsi münasibətdən çəkinin. 3. Cinsi münasibətinizi çox isti və ya soyuq olmayan, bildiyiniz və rahat olduğunuz mühitdə edin. Cinsi münasibət zamanı hərhansı bir narahatlıq, yorğunluq və ya təngnəfəslik hiss edərsinizsə münasibətə davam etmədən əvvəl bir müddət istirahət edin.

 

Diqqət!!!

Aşağıdakı vəziyyətlərdə təcili yardım çağırın. 

  1. Nitroqliserin istifadəsinə baxmayaraq keçməyən sinə ağrısı
  2. Ciddi və keçməyən təngnəfəslik
  3. Huşun itməsi (bayılma)

                                                                                                          

Aşağıdakı vəziyyətlərdə ən qısa müddətdə həkiminizə məlumat verin

  1. Təgnəfəslikdə artma
  2. Təngnəfəsliklə tezt-tez yuxudan oyanma
  1. Rahat yuxu üçün lazım olan yastıq sayında artma
  2. Ürək vurğularının sayında artma və ya ciddi ürəkdöyünmə 

 

Aşağıdakı vəziyyətlərdə həkiminizlə görüşün

  1. Sürətli çəki artımı
  2. Artan qarın ağırısı və ya qarında şişkinlik
  3. Ayaqlarda və ayaq topuqlarında artan şişkinlik
  4. İştahsızlıq və ürəkbulanma hissi
  5. Yorğunluq və halsızlıqda artma
  6. Getdikcə pisləşən öskürək