Ürək-damar xəstəliklərinin qarşısını necə almaq olar?

Urek-damar xesteliklerinin qarsisini nece almaq olar?

Ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq dünyada ürək-damar xəstəlikləri hələ də ölümün əsas səbəbi olmaqda davam edir.

 

Birincili profilaktika- insanda olmayan xəstəliyin qarşısını alma və ya o xəstəliyə qarşı müqavimətin artırılması tədbirləridir. Tibbdə tətbiq edilən vaksinlər və rutin (mütəmadi) “check-up”-lar buna misaldır.

 

Keçən əsrin sonlarından başlayaraq ABŞ-da ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayı 28% azalmışdır. Bu azalma həm qadınlar, həm də kişilər  arasında müşahidə edilmişdir. Təhlillər göstərdi ki, baş vermiş azalmanın yarısı xəstəliklərin erkən diaqnostikası və aqressiv müalicəvi tədbirlərin görülməsi ilə bağlı olub. Azalmanın digər yarısı isə həyat tərzinin modifikasiyası tədbirləri, xüsusilə də, siqaret çəkmənin dayandırılması ilə əlaqədar olmuşdur.

 

Lakin, ABŞ-da və dünyanın əksər yerlərində ölümün aparıcı səbəbi yenə də ürək-damar xəstəlikləridir (ÜDX). Diaqnostikanın yaxşılaşmasının vacib olduğu danılmazdır, lakin risk faktorlarının müəyyən edilib aradan qaldırılması və ya modifikasiyasına daha çox ehtiyac var. Bir çox ölkələrdə aparılmış tədqiqatlardan ÜDX-nin yaranmasına təsir edən 5 modifikasiya oluna bilən risk faktoru aşkar edilib. Həmin risk faktorlarına aşağıdakılar aiddir: yüksək xolesterin, şəkərli diabet, hipertoniya (yüksək arterial təzyiq), piylənmə və tütünçəkmə. Bu risk faktorları 45-79 yaşlı şəxslər arasında ÜDX səbəbindən baş verən ölüm hallarının yarısına cavabdehdir.

 

ÜDX ilə bağlı risk faktorlarının əksəriyyətinin profilaktik tədbirlər vasitəsilə aradan qaldırılması və ya modifikasiyası mümkündür. Həmin profilaktik tədbirlərə həyat tərzinin dəyişdirilməsi və yanaşı farmakoterapiya (dərman müalicəsi) aid edilir.

Dünyanın 52 ölkəsindən olan xəstələrin iştirakı ilə aparılmış İNTERHEART tədqiqatında miokard infarktı halları ilə bir başa bağlılığı olan 9 risk faktoru müəyyən edilmişdir. Həmin risk faktorları bunlardır: tütünçəkmə, dislipidemiya (yağ mübadiləsinin pozulması), hipertoniya (yüksək arterial təzyiq), şəkərli diabet, artıq çəki və piylənmə, o cümlədən, abdominal piylənmə, fiziki aktivliyin aşağı olması və psixososial faktorlar. Qeyd olunmalıdır ki, birdən çox risk faktoru olan xəstələrdə risk daha da artır.

 

PROFİLAKTİKANIN ƏSAS KOMPONENTLƏRİ

 

Sağlam qidalanma aşağıdakı kimi olmalıdır:

 

  • bitki lifləri ilə zəngin

 

  • qlikemik indeksi aşağı olan qida növlərindən ibarət

 

  • doymuş və trans-yağlar tərkibində az, lakin monodoymamış yağların miqdarı çox

 

  • omeqa-3 yağ turşuları (balıq və dəniz məhsulları) ilə zəngin.

 

Tədqiqatlar göstərib ki, meyvə və tərəvəzlə zəngin pəhriz (məs., Aralıq dənizi pəhrizi) ÜDX riskini azaldır. Mülahizə olunur ki, çoxlu miqdarda meyvə və tərəvəz qəbul edən şəxslər adətən ət məhsulları və doymuş yağları az qəbul edir.

 

Siqaret çəkmənin dayandırılması

 

Tütünçəkmə vaxtından əvvəl ölüm və əlillik hallarına səbəb olan qarşısı alına bilən zərərli vərdiş olaraq qalır. Çoxsaylı tədqiqatlar sübut edib ki, çəkilən siqaretlərin sayı ürək-damar xəstəliklərindən ölüm və xəstələnmə hallarına bilavasitə təsir edir. Tütünçəkmənin dayandırılmasının sağlamlığa faydası artıq bir neçə aydan sonra özünü göstərir. Buna görə də, ÜDX-nin profilaktikası baxımından tütünçəkmənin dayandırılması heç vaxt gec deyil. Xərçəngin qarşısının alınması baxımından isə tütünçəkmə mümkün qədər erkən dayandırılmalıdır.

Tütünçəkmənin dayandırılmasını sürətləndirmək üçün həkimlər yanaşı nikotin əvəzləyici terapiya və dərman müalicəsindən istifadə edə bilər. 

 

Yüksək arterial təzyiqin kontrolu

Hipertoniya ÜDX-nin inkişafı ilə bağlı olan risk faktorudur. Hipertoniya baş beyin insultu, ürəyin koronar xəstəliyi, ürək çatışmazlığı səbəbindən ölüm riskini, habelə qəfləti ölüm riskini artırır.

 

Aşağıdakı təsnifat sonradan Amerika və Beynəlxalq Hipertoniya Cəmiyyətləri tərəfindən qəbul edilib:

 

  • normal arteriyal təzyiq: sistolik AT <120 mm c.s. və diastolik AT <80 mm c.s.

 

  • hipertoniya önü və yüksək normal təzyiq: sistolik AT 120-139 mm c.s. və ya diastolik AT 80-89 mm c.s.

 

Hipertoniya önü və yüksək normal təzyiq vəziyyətinin Azərbaycanda yayılma dərəcəsi dəqiq məlum deyil. ABŞ-da aparılmış araşdırmalara görə ABŞ-ın yaşlı əhalisinin 37%-i hipertoniya önü vəziyyətdən əziyyət çəkir.

 

Hipertoniya önü vəziyyədən əziyyət çəkən xəstələrin hədəf orqanların zədələnməsi əlamətlərinə görə yoxlanması və Hipertoniya xəstəliyinin inkişafına görə mütamadi müşahidəsi həmin xəstələrin təqibinin tərkib hissəsi olmalıdır.

 

Amerika və Beynəlxalq Hipertoniya Cəmiyyətlərinin verdiyə tövsiyələrə görə şəkərli diabet, xronik böyrək xəstəliyi, hədəf orqanların zədələnməsi və klinik ürək-damar xəstəliyi olmayanların müalicəsi bədən çəkisinin azaldılması, duz qəbulunun məhdudlaşdırılması, fiziki aktilvliyin artırılması və spitli içki qəbulunun dayandırılması kimi qeyri-farmakoloji (dərman qəbulu olmadan) üsullarla ilə aparılmalıdır.

 

Xəstələrin antihipertensiv preparatlarla müalicəsi isə Hipertoniya xəstəliyi (AT >140/90 mm c.s.-dan yüksək) inkişaf etdikdə təyin edilir. Lakin, yanaşı xəstəlikləri olan pasientlərdə antihipertenziv terapiya daha erkən da tətbiq edilə bilər.  

 

Antihipertensiv preparatın seçimi. Qeyri-farmakoloji terapiyaya baxmayaraq davamlı hipertenziyası olan xəstələrin müalicəsi üçün antihipertenziv farmakoloji preparatların istifadəsi tələb olunur. Hədəf arteriyal təzyiqə nail olmaq üçün xəstələrin bir qisminin birdən çox dərman preparatı ilə müalicəsi tələb oluna bilər. İlkin monoterapiya üçün aşağıdakı üç növ preparat istifadə edilir: tiazid diuretikləri, angiotenzin çevirici fermentin inhibitoru və ya angiotenzin reseptorlarının blokatoru və dihidropiridin qrupundan olan kalsium kanalı blokatorları.

 

Dislipidemiyaya diqqət

 

Klinik tədqiqatlar göstərib ki, ürəyin koronar xəstəliyi klinik əlamətləri olmayan yüksək, orta və aşağı riskli xəstələrdə statin preparatları ÜDX-dən ölüm hallarını azaldır. Dislipidemiyaya görə skrininqin aparılması və həmçinin farmakoterapiyanın aparılıb-aparılmaması məsələsi individual qaydada təyin edilir.

 

Bədən çəkisinə nəzarət

 

Bədən çəkisinin artması metabolik sindromun inkişafına təsir edən mühüm risk faktordur. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, bədən çəkisi normal olan şəxslərin cəmi 5%-də metabolik sindrom müəyyən edilirsə, artıq bədən çəkisi olanlarda bu rəqəm 22%, piylənməsi olanlarda isə 60%-dir. Beləliklə, artıq çəki və piylənmə ÜDX-nin inkişafına təsir edən əsas faktordur. Bədən çəkisinin azaldılması və fiziki aktivlik səviyyəsinin artırılmasına hədəflənən həyat tərzi modifikasiya tədbirləri metabolik sindromun müalicəsinin əsasını təşkil edir.

 

Fiziki aktivlik

 

Bədən çəkisinə təsiri ilə yanaşı fiziki aktivlik və ya idman ÜDX-nin profilaktikasına xidmət edir və bu bir sıra tədqiqatlarda sübuta yetirilib. Hazırda qüvvədə olan fiziki aktivliklə bağlı təlimatlara görə böyüklərdə müntəzəm orta intensivlikli fiziki aktivlik səviyyəsini təmin etmək tövsiyə olunur. Tövsiyə edilir ki, hər bir şəxs gündəlik 30 dəqiqəlik orta intensivlikli fiziki aktivliklə (məs., tez-tez və ya cəld yerimək) məşğul olsun. Bir sıra tədqiqatlardan müəyyən edilib ki, həftədə 150 dəqiqə ağırlıq qaldırmaq və ya aerob fiziki aktivlik ÜDX-i riskini azaldır. 

 

Tip 2 şəkərli diabetin müalicəsi

Hazırda dünyada tip 2 şəkərli diabetin pandemiyası müşahidə edilir. Diabetin artımında artıq çəki və piylənmə əsas səbəblər sırasındadır. Diabet səbəbindən baş verən xəstələnmə və ölüm halları makrovaskulyar (ürəyin işemik xəstəliyi, baş beyin insultu və periferik arteriyaların xəstəliyi) və mikrovaskulyar ağırlaşmalara (retinopatiya, nefropatiya və neyropatiya) bağlıdır.

 

Makrovaskulyar ağırlaşmaların profilaktikası və inkişafının azaldılması üçün bədən çəkisi, arteriyal təzyiq və qanda lipid səviyyəsi ilə qlikemik kontrolun təmin edilməsi xüsusilə əhəmiyyətlidir. Şəkərli diabetlə bağlı mikrovaskulyar ağırlaşmaların inkişafı riskinin azaldılması məqsədilə qlükozanın daha yaxşı kontrolu tələb olunur. Qanda şəkərin daha yaxşı kontrolu həmçinin makrovaskulyar ağırlaşmalar riskini də azaldır. Amerika Diabet Assosiasiyası diabet riski olan və ya yaşı 45-dən yuxarı olan bütün xəstələrdə acqarında qanda qlükozanın yoxlanmasını tövsiyə edir.  

 

Acqarnına qanda Triqliseridlərin səviyyəsi gələcəkdə tip 2 şəkərli diabetin inkişafını proqnozlaşdırmağa kömək edir.

 

Aspirin

 

Klinik tədqiqatlar göstərib ki, aspirin miokard infarktı riskini əhəmiyyətli dərəcədə azaldır. Lakin aspirinin ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarına təsiri müəyyən olunmayıb. ÜDX-nin birincili profilaktikası məqsədilə aspirinin təyini fərdi qaydada- xəstədə ÜDX riski, yanaşı xəstəliklər və qanaxma riski nəzərə alınaraq həkim tərəfindən edilir.