Mitral çatışmazlıq nədir?

Mitral catismazliq nedir?

Mitral çatışmazlıq mitral qapaq lifletlərinin (taylarının) düzgün bağlanmadığı qapaq xəstəliyidir. Nəticədə qan ürək əzələnizi daima gərginləşdirərək geriyə doğru axır. Zaman keçdikcə bu xəstəlik atrial fibrilyasiya (AF- aritmiya, yəni ürəyin nizamsız yığılması), ürəyin böyüməsi və konjestif (durğun) ürək çatışmazlığı da daxil olmaqla bir çox fəsadlara gətirə bilər.

Xəstələr bunu ürək qapağının sızması kimi adlandırır. Mitral qapağın prolapsı mitral qapaq çatışmazlığına səbəb olan ən geniş yayılmış anatomik qüsurdur.

Aşağıdakı şəkildə gördüyünüz kimi qapaq lifletləri tam bağlanmır.  Nəticədə qan geriyə doğru axaraq ürək əzələsini eyni qanı "yenidən pompalamağa" məcbur edir.

55 yaşdan yuxarı hər beş nəfərdən birində müəyyən dərəcədə mitral qapaq çatışmazlığının olduğu göstərilir. Əksər qapaq çatışmazlıqlarında olduğu kimi, müəyyən edilən diaqnozun da müxtəlif dərəcələri vardır. Mitral çatışmazlığın əsas diaqnostik kateqoriyaları yüngül, orta və ağır çatışmazlıqdır.

Mitral qapaq çatışmazlığının əsas simptomları nələrdir?

Mitral çatışmazlıq simptomları adətən ürək qapağı xəstəliyi irəllədikcə üzə çıxmağa başlayır. Adətən, mitral çatışmazlıq uzun illər ərzində yavaş-yavaş inkişaf edir. Mitral çatışmazlığın əsas simptomları bunlardır:

  1. Hərəkət zamanı və ya yatarkən nəfəs darlığı
  2. Hərəkət zamanı tez yorulma
  3. Gecə saatlarına (yataqda) öskürək
  4. Ürəkdöyünmə (bəzən atrial fibrilyasiya)
  5. Ayaqların və ya topuqların şişməsi
  6. Sidik ifrazının artması

Xəstələrə xəbərdarlıq edilməlidir ki, mitral çatışmazlıq simptomsuz ola bilsə də, bəzi hallarda çox sürətlə irəliləyə bilər. Bu yaxınlarda mitral qapağın sürətli degenerasiyasına (zədələnməsinə) məruz qalan bir qadın xəstə qəbul etdik. Cəmi altı ay ərzində onun xəstəliyi orta çatışmazlıq səviyyəsindən ağır çatışmazlığadək irəliləmişdi.

Sizə mitral qapaq prolapsı və ya mitral qapaq çatışmazlığı diaqnozu qoyulubsa müntəzəm olaraq illik müayinələrdən keçməlisiniz. Bir həkim olaraq bu xəstəliyə düzgün nəzarət etməyinizi rica edirəm.

Mitral çatışmazlığın ağırlıq dərəcəsi

Stetoskop mitral qapaq çatışmazlığını aşkar etməyə kömək edir. Exokardioqrafiya (EXO) isə xəstəliyin dərəcəsini müəyyən etmək üçün "qızıl standartdır". Mitral çatışmazlığın dərəcəsini müəyyən edən amillərdən 2-si haqqında məlumat vermək istəyirik:

  • Requrqitasiya həcmi (RVOL)
  • Effektiv regurgitan orifis sahəsı (ERO)

Sizə aydın olsun deyə, aşağıdakı cədvəldə xəstəlik simptomları aşkar olunan xəstələrdə mitral çatışmazlığın dərəcəsini müəyyən etmək üçün requrqitasiya həcminin (RVOL) və effektiv regurgitasiya orifis sahəsinin (ERO) necə tətbiq edildiyi göstərilir.

Qapaq çatışmazlığının və ürəyin zədələnmə dərəcəsini, cərrahi müalicənin növünü müəyyən etmək üçün əlavə olaraq Transezofageal exokardioqrafiya (qida borusundan anestezi altında olunan müayinə üsuludur), kardiak MRT (ürəyin maqnit-rezonans tomoqrafiyası), Stress EXO və ya ürəyin kateterizasiyası müayinə üsullarından hər hansı birini və ya bir neçəsini aparmaq lazım ola bilər.

Nə zaman Cərrahi Müalicəyə ehtiyac yaranır?

Qeyd etmək lazımdır ki, mitral çatışmazlıq (və ya mitral qapaq prolapsı) diaqnozu sizin açıq ürək əməliyyatına ehtiyacınız olduğu anlamına gəlmir. Xəstəliyin adətən yavaş irəlilədiyini nəzərə alsaq, mitral qapaq əməliyyatlarının əksəriyyəti - mitral qapağın təmiri və ya mitral qapağın protezlədirilməsi (dəyişdirilməsi, yeni süni qapaqla əvəz edilməsi) planlı əməliyyatlardır. Çox zaman, mitral çatışmazlığın cərrahi müalicəsı xəstəyə ağır dərəcəli çatışmazlıq diaqnozu qoyulduqda həyata keçirilir.

Bəzi həkimlər cərrahi müdaxilə ehtiyacının yalnız simptomlar aşkar edildikdə lazım olduğunu iddia etsə də, son dövrlərdə, 4 tədqiqat işindən 3-ü göstərdi ki, ağır mitral çatışmazlığı olan simptomsuz xəstələr- mədəciyin funksiyasını qorumaq və ürək əzələsinə daha da zərər verməmək üçün erkən cərrahi müalicə olunmalıdır.

Mitral qapağın bərpası - Annuloplastika

Yenə də, mitral qapaq prolapsı və ya çatışmazlığı diaqnozu qoyulmuş bütün xəstələrə illik müayinə və Exokardioqrafiyadan (lazım olduqda) keçməyi tövsiyə edirəm. Bu qapaq qüsurunu vaxtında müalicə etmədiyiniz halda fəsadları çox təhlükəli ola bilər.